Məktəb yarmarkaları keçiriləcəkmi?
Ənənəvi olaraq hər tədris ili ərəfəsində Bakı şəhərində təşkil edilən məktəb yarmarkaları 2020-ci ildə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərt karantin rejiminin tətbiqi, o cümlədən təhsil müəssisələrində dərslərin distant qaydada keçirilməsi səbəbindən baş tutmadı. Qeyd edək ki, yarmarkalar valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etmək məqsədilə paytaxtımızın əksəri metrostansiyaların çıxışları olmaqla 19 müxtəlif ünvanında fəaliyyət göstərirdi.
Artıq yeni dərs ilinin başlamasına çox az qalıb. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair dünən keçirilən brifinqdə sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacağı haqqında məlumat verib. Göründüyü kimi, dərslər əyani şəkildə başlayır. Bəs paytaxtımızda məktəb yarmarkaları necə, keçiriləcəkmi?
Bakı Şəhər İcra Hakimiyətinin Ticarət və Xidmət Departamentindən “İki sahil”ə verilən eksküliziv məlumata görə, quruma məsələ ilə bağlı vətəndaşlar tərəfindən də müraciətlər daxil olub. Mütəxəssislərlə aparılmış müzakirələr nəticəsində ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq bu il də məktəb yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilməyib.

