Gündəm 

ABŞ-dan Azərbaycanla bağlı qərəzli “məzarlıq hesabatı”

Politoloq: “Cənab amerikalılar, bu hesabatı hazırlayanda nə üçün qarşı tərəfin münasibətini öyrənmək əziyyətini çəkmirsiniz?”

ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının “Məzarlıqların dağıdılması” adlı arayışında Azərbaycanla bağlı ittihamlar yer alıb. Arayışda real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülüb.

Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən “Naxçıvan və Bakı üzrə iddialar” təkrarlanıb, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilib, sənəddə “Yəhudi məzarlıqları” adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmayıb. Arayışda azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının “Human Rights Watch” təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilib. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir. Heç kimə sirr deyil ki, işğal dövründə ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilib, ya da cəsədlər çıxarılıb, təhqir olunub, qəbirüstü abidələr talan edilib. Bunu işğaldan azad edilmiş torpaqlara səfər edən xarici nümayəndələr və jurnalistlər öz gözləri ilə görüblər.

Bəs görəsən, təşkilatın bu qərəzi nədən doğur? Avropa və ABŞ-da çox güclü olan erməni diasporası saxta fakt və sənədlər təqdim edib verirlərsə, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası nə üçün qarşı tərəflə bu faktları dəqiqləşdirmək zəhmətində bulunmur? “Ermənistan” bəndi niyə yoxdur?

“Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirən politoloq Qabil Hüseynli bildirdi ki, Amerikanın bu təşkilatı kifayət qədər qərəz nümayiş etdirib: “Hesabatın hazırlanmasında istifadə olunan faktlar qarşı tərəflərlə dəqiqləşdirib yoxlanılmalı  idi. Deyək ki, Ermənistan bu məsələdə, yəni yalan faktların hazırlanması və təqdim olunmasında nə qədər fəal olsa da, onların yoxlanılması və Azərbaycan tərəfinin də mövqeyinin öyrənilməsi vacib idi. Digər tərəfdən, Azərbaycan xalqının həm dini, həm mənəvi dəyərləri dinindən və millətindən asılı olmayaraq hansısa bir şəxsin məzarının təhqir olunmasını doğru hesab etmir və buna icazə vermir. Bizim müqəddəs kitabımıza görə, bu, ən böyük günahdır, ən böyük rəzalətidir. İndiki Ermənistan ərazisi vaxtilə İrəvan xanlığının ərazisi olub. İrəvanda 1828-ci ilə qədər 17 məscid olub. İrəvan şəhərinin əhalisinin 93 faizi Azərbaycan türkləri olub. İndi yalnız bir məscid sağlam qalıb,  həmin məscidi də iranlılar təmir edərək fars məscidi kimi gələn turistlərə təqdim edirlər. Ermənilərin Azərbaycan xalqının dini-mənəvi sərvətlərinə hörmətsizliyi faktlarla sübut olunub”.

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

Qabil Hüseynli

Politoloq vurğuladı ki, Ermənistanda azərbaycanlılara aid bir qəbir qalmayıb: “Orada, ümumiyyətlə, müsəlmanlara məxsus bütün qəbiristanlıqlar məhv edilib. Aşıq Ələsgər kimi böyük bir dahinin büstünün olduğu qəbiristanlıq tamamilə dağıdılaraq əkin yerinə çevrilib. Aşıq Ələsgərin büstü  götürülərək harasa aparılıb. İşğaldan azad olunan rayonlarda bir dənə də dağıdılmamış baş daşı, sinə daşı qalmayıb. Hamısı kəsilərək götürülüb. Biznes məqsədləri üçün, satmaq üçün oğurlanıb aparılıb. Məscidlərimiz təhqir edilib, məscidlərimizdə müxtəlif heyvanlar saxlanılıb, hamısı tövləyə çevrilib. 68  məscidimizin böyük hissəsi dağıdılıb, abidələrimiz oğurlanıb. Bir neçə məscid salamat qalıb ki, orada da donuz saxlanılırmış. Ermənilərin Azərbaycan xalqının maddi-mədəniyyət nümunələrinə,  xüsusən dini mədəniyyətimizi təmsil edən memarlıq nümunəsi sayıla biləcək məscidlərə münasibəti işğal edilmiş ərazilərin indiki vəziyyətinə baxdıqda özünü göstərir”.

Q.Hüseynli Azərbaycan dövlətinin hətta erməni abidələrini də xüsusi qayğı ilə qoruduğunu bildirdi: “Biz erməni məzarlıqlarına qətiyyən toxunmamışıq və erməni kilsəsi özünün bütün əzəməti ilə Bakının mərkəzində qalmaqdadır. Orada 6 mindən çox erməni dilində olan kitabları biz səliqəli şəkildə xüsusi qorunma ilə saxlayırıq ki, həmin kitablara xələl gəlməsin. Bu, bizim mədəniyyətimiz,  bizim ortaya qoyduğumuz nümunədir. Bəzən amerikalılar ermənilərin ötürdüyü saxta məlumatlarla hesabat hazırlayırlar. Cənab amerikalılar, bu hesabatı hazırlayanda nə üçün qarşı tərəfin münasibətini öyrənmək əziyyətini çəkmirsiniz? Bunlar hamısı ermənilərin iddiaları ilə baş tutur. Ermənilər həmişə ideoloji mübarizədə, təbliğat işində yalançı, Azərbaycana qarşı qərəzli məlumatlara yer verirlər. Mən Azərbaycanın Xarici İşlər Nazirliyinə,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Qafqaz Müsəlmanları Idarəsinə müraciət edərək demək istəyirəm ki, onlarla əlaqə yaratsınlar, iş aparsınlar. Alternativ hesabat hazırlayaraq həmin hesabatları hazırlayan qurumlara çatdırsınlar ki,  bəlkə onların vicdanı oyandı”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Daha çox xəbərlər