“1 manatlıq” taksilərə xüsusi yer ayrılacaq? – AÇIQLAMA
Metroların qarşısında dayanan “1 manatlıq” taksilər bəzən yol hərəkət qanunlarını pozaraq avtobuslara və digər avtomobillərə mane olurlar. Həmçinin, tıxaclara səbəb olan bu taksilər üçün gələcəkdə xüsusi yerlərin ayrılması nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib.
O, taksi sürücüləri barəsində tədbir görülməsi üçün nəzarəti gücləndirdiklərini qeyd edib:
“Hesab edirəm ki, bu sahədə təkcə DYP yox, aidiyyatı üzrə səlahiyəti olan qurumlar da var. Təbii ki, kompleks nəzarətin edilməsi, bu istiqamətdə müxtəlif tədbirlərin görülməsi problemin həll yolu ola bilər.
Məlumat üçün bildirim ki, ilk növbədə, “1 manatlıq” taksi kimi fəaliyyət göstərənlərin qanuni şəkildə çalışmasına şərait yaradılmalıdır. Normadan artıq taksi fəaliyyəti ilə məşğul olanlar barəsində tədbir görülməsi üçün biz nəzarəti gücləndirmişik, gündəlik inzibati tənbeh tədbirləri tətbiq edirik. Bəzi narazılıqları aradan qaldırmaq üçün profilaktik tədbirlərə üstünlük veririk. Sürücülər və “1 manatlıq” taksilərindən istifadə edən sərnişinlər arasında maarifləndirmə işləri aparırıq ki, narazılıq yaranmasın.
Təəssüflər olsun ki, 20 yanvar, Koroğlu, Əhmədli və digər ünvanlarda “1 manatlıq” taksi sürənlər ərazilərdə həqiqətən dayanma-durma tələblərinin pozulmasına, süni sıxlığın yaşanmasına və həmin yerdən keçən digər sürücülərin narazılığına və ləngiməsinə səbəb olurlar.
Düşünürəm ki, bu işdə güclü təbliğat aparılmalıdır. Biz həmin hərəkət iştirakçılarına başa salmalıyıq ki, bu gün ümümi istifadə üçün nəzərdə tutulan yollardan tək taksi fəaliyyəti ilə məşğul olanlar deyil, digər insanlar da istifadə edir və heç kəsin fəaliyyətinə mane olunmamalıdır.
Statistikaya görə, gün ərzində qeyri-qanuni taksi fəaliyyəti göstərən xeyli sürücü tərəfimizdən aşkarlanır və məsuliyyətə cəlb olunur. Bəzən “1 manatlıq” taksi sürücüləri DYP ilə elə formada rəftar edirlər ki, məcbur qalıb, əraziyə digər polis əməkdaşlarının gəlməsini təmin edir və onun barəsində daha ağır inzibati tənbeh tədbirlərinin görülməsi üçün şərait yaradırıq. Ötən gün 20 yanvar metrostaniyası ərazisində qanunsuz fəaliyyət göstərən 4 sürücü sənəd təqdim etmədiyi, tabe olmadığı üçün polis bölməsinə təhvil verilib. Bir sürücü ilə bu qədər vaxt itiririksə, görün, ərazidə vəziyyət necə bərbaddır. Bizdən asılı olan məsələlər yüksək səviyyədə həyata keçirilir. Yenə qeyd edirəm ki, bu, tək DYP əməkdaşlarının işi deyil. Məsələnin hərtərəfli öz həllini tapması üçün kompleks tədbirlər görülməlidir.
Hesab edirəm ki, taksi sürücülərinin konkret işlə təmin olunması, onlar üçün xüsusi yerlərin ayrılması, park edilməsi bu gün lazım deyil. Çünki bu gün müəyyən taksi şirkətləri çox rahat şəkildə insanları istədikləri məkana çatdırırlar”.

