Gündəm 

Əkin sahələrinin yox, məhsuldarlığın artırılması prioritet olacaq – Subsidiyalaşmada yenilik

Xəbər verildiyi kimi, Aqrar Subsidiya Şurası fermerlərə əkin subdiyasının verilməsi ilə bağlı qərara dəyişikliklər edib. Dəyişikliklərdən biri də 2022-ci ildən pambıq, şəkər çuğunduru və tütünə görə əkin subsidiyasının ləğv edilməsidir. Ötən ilin yanvarın 1-dən qüvvəyə minən qərarla bu bitkilərə həm əkin, həm də məhsul subsidiyası verilir.  Əkin subsidiyası 2021-ci il üçün bir hektar pambığa görə 260 manat, şəkər çuğunduruna görə 330 manat, tütünə görə isə 320 manatdır. Məhsul subsidiyasına gəlincə, hazırda bu,  pambığın hər tonuna 100 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə isə 4 manatdır. Əkin subsidiyasının ləğv ediməsinin müqabilində məhsul subsidiyası artırılıb. Bununla da məhsul subsidiyası pambıqda 100 manatdan 170 manata, tütündə 5 manatdan 26 manata, şəkər çuğundurunda isə 4 manatdan 12 manata qaldırılıb. Başqa ifadə ilə desək, əkin subsidiyasının əvəzində pambıq üçün məhsul subsidiyası 70 faiz, şəkər çuğunduru üçün 3 dəfə, yaş tütün üçün isə 5,2 dəfə artırılıb.

Əkin subsidiyası fermerlərə bitkilərinin becərilməsi üçün istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisidlərin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilir. Dolayısı ilə fermerlərə indiyədək verilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsini nəzərdə tutur. Məhsul subsidiyası isə  tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 sentyabr və 5 oktyabr tarixli sərəncamlarına əsasən, istehsalçılara emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya müəyyən edilib. Məqsəd bu sahələrin inkişaf etdirilməsi, xüsusən də məhsuldarlığın artırılmasıdır.

Eyni zamanda, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 4 aprel 2017-ci il tarixli Fərmanı ilə  şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödənilməsinə başlanılıb. Lakin bunun müqabilində  kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım həmin ildən şəkər çuğunduru əkinlərinə şamil olunmayıb. Bununla belə, 2020-ci ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına sözügedən yardım əkin subsidiyası ilə əvəz olunarkən şəkər çuğunduru üçün də vəsait nəzərdə tutulub. 2020-ci ildə bu məbləğ hər hektar üçün  280 manat olan bu məbləğə cari ildə 50 manat  da əlavə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, dəyişiklik fermerləri daha çox məhsul istehsal etməyə sövq edəcək: “Rayonlarda davamlı olaraq görüşlər keçiririk. Pambıq əkən fermerlərlə görüşlərdə bildirilir ki, məhsulun həcmi artırılsa, əkin subsidiyasına ehtiyac qalmayacaq. Yeni qaydalar onların daha çox məhsul istehsal etməsini stimullaşdıracaq”.

Ümumilikdə, pambıqçılıq son 5 ildə qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biridir. Nəticədə 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona  çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bir sözlə, əkin sahələri azalsa da, məhsul istehsalı artıb. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb.

Həmçinin tütünçülükdə 2016-cı ildə hər hektardan 15,2 sentner məhsul götürülürdüsə, ötən il bu rəqəm 22,1 sentner olub. Lakin bu dövrdə tütün əkilən sahələr də 2362 hektardan 3144 hektara yüksəlib. Əgər 2016-cı ildə 3 min 585 ton məhsul istehsal olunmuşdusa, ötən il bu rəqəm 6 min 900 ton olub.

Şəkər çuğundurunda isə 2016-da hər hektardan 490 sentner məhsul əldə olunmuşdusa, 2020-ci ildə bu göstərici 481 sentnerə enib. 2016-cı ildə 7061 hektar sahədə əkin aparılmışdısa, ötən il bu rəqəm 5 min hektara düşüb. 2016-cı ildə 312 min 605 ton məhsul istehsal olunmuşdusa, 2020-ci ildə istehsal 253 min 300 ton olub.

Göründüyü kimi, əkin sahələrinə müvafiq olaraq subsidiya ödənişi fermerləri tütün istehsalı istisna olmaqla digər iki məhsul üzrə əkin sahələrini artırmağa sövq etməyib. Həmçinin 5 illik müqayisədə pambıq və tütün üzrə məhsuldarlıq artsa da, şəkər çuğunduru barədə bunu demək mümkün deyil. Belə demək olarsa, bundan sonra fermerlər daha az əkin sahəsində daha çox məhsul istehsal etməyin – məhsuldarlığı artırmağın  yollarını axtarmalı olacaq. Əks təqdirdə, əkin xərcləri artacaq.

Daha çox xəbərlər