Ağdərə rayonunun Çardaqlı kəndində baş verən növbəti mina hadisəsi işğaldan azad edilmiş ərazilərdə təhlükənin hələ də tam aradan qalxmadığını göstərdi. Sülh dövründə, humanitar minatəmizləmə işləri aparılan ərazidə baş verən partlayış nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, hadisə avqustun 3-də Çardaqlı kəndi ərazisində qeyri-hökumət təşkilatının humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan əməkdaşlarının xidməti fəaliyyəti zamanı baş verib. Piyada əleyhinə minanın partlaması nəticəsində 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı ağır xəsarət alıb. Digər əməkdaş – 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev isə yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
TƏBİB-in məlumatına əsasən, yaralılardan birinə sağ aşıq-baldır nahiyəsinin amputasiyası, digərinə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub. Ağır xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib, digər yaralının müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Azərbaycan ərazilərinin işğaldan azad olunmasından illər keçməsinə baxmayaraq, mina təhlükəsi Qarabağda ən ciddi problemlərdən biri olaraq qalır. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən basdırılan minalar bu gün də hərbçilərin, minatəmizləmə mütəxəssislərinin və mülki şəxslərin həyatına təhlükə yaradır. 2020-ci ilin noyabrında Vətən müharibəsinin başa çatmasından sonra azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların partlaması nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı zərər çəkib. Rəsmi statistikaya görə, bu müddət ərzində 400-dən çox insan mina qurbanı olub, onlardan 70-dən çoxu həyatını itirib, yüzlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Qarabağda müharibənin hərbi mərhələsi başa çatsa da, onun ən təhlükəli miraslarından biri olan mina təhlükəsi hələ uzun illər davam edəcək:
“Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yalnız işğaldan azad edilmiş əraziləri minalardan təmizləmək deyil, həm də bu prosesi sürətləndirmək, insan həyatını qorumaq və təhlükəsiz qayıdışı təmin etməkdir. Mina problemi sadəcə hərbi məsələ deyil. Bu, eyni zamanda milli təhlükəsizlik, sosial inkişaf və humanitar problemdir. Çünki bir mina partlayışı yalnız bir insanın həyatını dəyişmir, bütöv ailələrə, kəndlərə və regionun inkişafına təsir göstərir”.
Ekspert bildirib ki, Azərbaycanın əsas çətinliklərindən biri işğal dövründə basdırılmış minaların tam xəritələrinin olmamasıdır:
“Ermənistan tərəfindən təqdim edilən məlumatların tam olmaması minatəmizləmə işlərini daha da mürəkkəbləşdirir. Buna görə də mina xəritələrinin təqdim olunması məsələsi beynəlxalq platformalarda daim gündəmdə saxlanılmalıdır. Çünki bu məsələ siyasi mübahisədən daha çox insan həyatının qorunması məsələsidir. Digər mühüm istiqamət texnologiyalardan daha geniş istifadədir. Müasir dövrdə minatəmizləmə yalnız insan əməyinə əsaslanmamalıdır. Süni intellekt sistemləri, pilotsuz uçuş aparatları, xüsusi robot texnikası, peyk görüntüləri və digər yeni texnologiyalar bu prosesi daha təhlükəsiz və sürətli edə bilər. Azərbaycanın azad edilmiş əraziləri böyük coğrafiyanı əhatə edir. Bu ərazilərin hər qarışının ənənəvi üsullarla yoxlanılması uzun illər tələb edə bilər. Buna görə texnoloji imkanların artırılması strateji əhəmiyyət daşıyır. Eyni zamanda mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Qarabağa qayıdan sakinlər, tikinti işçiləri, fermerlər və digər şəxslər mina təhlükəsi ilə davranış qaydalarını bilməlidirlər. Şübhəli əşyalara toxunmamaq, təhlükəli ərazilərdən uzaq durmaq və dərhal aidiyyəti qurumlara məlumat vermək həyat xilas edə bilər”.

Ekspertin sözlərinə əsasən, minatəmizləmə işləri böyük maliyyə və insan resursları tələb edir:
“Bu sahəyə ayrılan vəsait xərc kimi deyil, gələcəyə yatırılan strateji sərmayə kimi qiymətləndirilməlidir. Çünki təhlükəsizləşdirilən hər hektar torpaq Qarabağda yeni həyatın, yeni yaşayış məntəqələrinin və iqtisadi fəaliyyətin başlanması deməkdir. Digər vacib məsələ mina qurbanlarına göstərilən dəstəkdir. Sağlamlığını itirən insanların tibbi reabilitasiyası, müasir protezlərlə təmin olunması, psixoloji yardımlar və sosial adaptasiya proqramları daim diqqətdə saxlanılmalıdır. Azərbaycan mina təhlükəsindən tam qurtulmaq üçün kompleks yanaşma həyata keçirməlidir. Bunun üçün mina xəritələrinin əldə olunması istiqamətində diplomatik səylər artırılmalı, ən müasir texnologiyalar tətbiq edilməli, minatəmizləmə imkanları genişləndirilməli və əhali arasında mina təhlükəsizliyi mədəniyyəti formalaşdırılmalıdır. Qarabağda əsl qələbə yalnız torpaqların azad olunması ilə yekunlaşmır. Əsl qələbə o zaman əldə olunacaq ki, insanlar öz doğma kəndlərinə, evlərinə qayıdarkən torpağın altında gizlənən təhlükədən qorxmayacaqlar. Mina təhlükəsi yalnız insan itkisi ilə məhdudlaşmır. Bu problem Qarabağda Böyük Qayıdış prosesini, kəndlərin bərpasını, iqtisadi layihələrin həyata keçirilməsini də ləngidir. Çünki torpağın altında qalan hər bir mina azad edilmiş ərazilərin təhlükəsiz gələcəyinə qarşı gizli təhdid olaraq qalır”.

