“Baku Electronics” alıcıların “CİBİNƏ GİRİR” – ŞİKAYƏT
Redaksiyamıza “Baku Electronics”dən şikayət daxil olub.
Belə ki, şikayətçi Sonxeber.az-a bildirir ki, telefonu kreditlə alanda ona əlavə pul tutulmayacağını bildirsələr də, sonrasına 147 AZN komissiya haqqı tutulub:
“Deməli, faizsiz telefon krediti üçün limitli günlər (2-3 gün) kampaniyası keçirirlər. Mən də “Əhmədli” filialında bir telefon seçib kredit şöbəsinə yaxınlaşdım. Satış təmsilçisindən kreditə görə əlavə komissiyanın tutulub-tutulmayacağı barədə soruşanda yalnız cüzi (5-10 azn) komissiya xərci olacağını dedilər. Mən də razılaşdım və xahiş etdim ki, sifarişi yazıb kredit şöbəsinə yönləndirsinlər. Kredit şöbəsində isə mənə bildirdilər ki, telefonun qiymətinin 5.5%-i qədər əlavə komissiya gəlir. O da təxminən 147 AZN edir. Mən buna etirazımı daxili qayda əsasında belə qərarın qəbul edildiyini dedilər. Hardan qəbul edilib, hansı qanunvericilik və ya hansı əsaslarla?! Komissiyasız kreditin olub-olmadığını soruşanda deyirlər ki, 6 aylıq götürsəm, komissiya tutulmur. Mən başa düşmürəm: krediti 6 ay götürdün, ya da 12 ay – nə fərqi var axı? Lap tutaq ki, siz ora heç bir əsaslı səbəb olmadan 5.5% komissiya tutursunuz, bunu kreditin reklamını edərkən niyə öncədən bildirmirsiniz?! Nəyə görə müştərilərinizin etibarından sui-istifadə edib, istədiyiniz kimi, yalnız öz xeyrinizə mənasız qaydalar qoyursunuz?! Hansı əsaslarla?!”
Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

