Vətəndaşlar daha çox hansı xidmət üçün icbari tibbi sığortaya müraciət edirlər?
Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərlə təminat üçün Agentlik 13 özəl tibb müəssisəsi ilə də müqavilə imzalayıb
“Tibb müəssisələrinə müraciətlərin çoxu əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.”
Bunu”İki sahil”ə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova söyləyib.
A.Əhmədovanın sözlərinə görə, icbari tibbi sığorta sisteminin tətbiqi ölkəmiz üçün yeni islahatdır. Bütün vətəndaşlar icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq istəyirlər. Hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunduğu üçün tibb müəssisələrinə də vətəndaşların müraciətləri artmaqdadır. Əlbəttə ki, vətəndaşlara vaxtında tibbi xidmətlərin göstərilməsinə çalışılır. Vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə dövlət tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, onlar lazımi tibbi avadanlıqlarla təmin olunmuşlar. Həmçinin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərlə təminat üçün Agentlik 13 özəl tibb müəssisəsi ilə də müqavilə bağlamışdır. MRT müayinəsi hazırda bir sıra dövlət tibb müəssisələrində qarşılanır. Bununla yanaşı, vətəndaşlar tərəfindən tibb müəssisələrinə edilən çoxsaylı müraciətləri nəzərə alaraq MRT müayinəsinin təmin edilməsi üçün özəl tibb müəssisələrinə də göndərişlər verilir. 13 özəl tibb müəssisəsində də MRT müayinəsi aparılır. Nəzərinizə çatdıraq ki, cari ilin 7 ayı ərzində MRT və kontrastlı KT müayinələri üçün özəl tibb müəssisələrinə 1956 nəfərə göndəriş verilib.

