Cəbhədən Xəbər 

Laçın təlimləri: Ermənistana və onun havadarlarına mesaj

Hərbi ekspert: Birgə təlimlər Ermənistanın bölgədə revanşist siyasət aparmaq imkanlarını xeyli məhdudlaşdırır

Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 6-dan Laçın rayonunda növbəti birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Birgə təlimlər başladığı ilk gündən düşmən ölkədə narahatlıq yaradıb. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyi Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsinin 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına uyğun olmadığını sülhə və təhlükəsizliyə xələl gətirdiyini iddia edib.

Buna cavab olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:  “Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur”. Leyla Abdullayeva həmçinin bildirib ki, Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib.

“Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.

Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”, – deyə L. Abdullayeva qeyd edib.

Onu da qeyd edək ki, birgə təlimlər təkcə Ermənistanda deyil, xarici KİV-də də işıqlandırılıb. Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi haqqında xəbər dərc edilib. AZƏRTAC-ın yaydığı həmin  xəbərdə bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonu ərazisində birgə döyüş atışlı taktiki təlim Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsədin döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi olduğunu, təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Hərbi ekspert Abuzər Əbilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında deyib ki, Laçında keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri bugünə qədər hər il keçirilən və artıq ənənə halını almış digər təlimlərdən fərqlənir: “Bildiyiniz kimi, bu  təlimlər Ermənistanla sərhədlərimizə və Şuşa Bəyannaməsinin imzalandığı məkandan cəmi 25 km. kənarda keçirilir. Bunun bir səbəbi də Ermənistanın üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməməsi, regionda sülhə mane olmasıdır. Bu səbəblə Laçın təlimi təkcə Ermənistan və havadarlarına deyil, bütün dünyaya mesajdır. Əsas mesaj isə ondan ibarətdir ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarının təhlükəsizliyinin  təminatı daim möhkəmlənir və bu işin mühüm bir hissəsini qardaş Türkiyə öz üzərinə götürüb”.

A.Əbilov qeyd edib ki, birgə təlimlər həm də Ermənistanın bölgədə revanşist siyasət aparmaq imkanlarını xeyli məhdudlaşdırır: “Buna baxmayaraq işğalçı ölkənin təxribatlarına qarşı hər zaman hazır olmalıyıq. Çünki torpaqlarımızın düşmən işğalı altında olduğu uzun bir dövrdə Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına inanaraq sülh yolunu tutdu. Lakin aparılan ikili standartlar səbəbilə sülh yolunda bir nəticə əldə edə bilmədik. Əksinə, ermənilər bu müddətdə daha da azğınlaşdı, öz terrorçu və işğalçılıq niyyətindən əl çəkmədilər. Yalnız 44 günlük Vətən müharibəsinin sonunda ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Eyni zamanda, öz ərazisində beynəlxalq hüququ reallaşdıran Azərbaycan güc yolu ilə qəsbkarı BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı. Bununla da Silahlı Qüvvələrimiz dünya hərb tarixinə yeni bir səhifə yazmaqla nəyə qadir olduğunu beynəlxalq aləmə nümayiş etdirdi. Onu da qeyd edək ki, bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnikanın alınmasını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdir”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun daha da güclənməsi üçün birgə təlimlərin davam etdirilməsi zəruridir: “Çünki təlimlərin ən böyük əhəmiyyətindən biri də işğaldan azad olunmuş ərazilərimizin hərbi aspektdən öyrənilməsidir”.

Daha çox xəbərlər