Narkomaniya uçuruma aparan yoldur
Hazırda narkomaniya ilə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısının alınması aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı icra olunmaqdadır.
Dövlət Proqramını, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutaraq Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2021-ci ilin ötən dövründə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.
2021-cu ilin ötən dövründə rayonda Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün rayon icra hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin, Polis şöbəsinin, təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, rayon mədəniyyət müəssisələrinin, rayon təşkilatı Gənclər Birliyinin, rayon Mərkəzi xəstəxanasının iştirakı ilə müxtəlif mövzularda 14 vebinar keçirilmişdir. Bu tədbirlərdə 500 nəfərdən çox gənc iştirak etmişdir. “Narkomaniyaya qarşı mübarizə”, “Sağlamlığımızı qoruyaq”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkotiklərsiz həyat”, “Narkomaniya uçuruma aparan yoldur”, “Narkomaniyaya yox deyək”, “Dünya tütünsüz günü”, “Sağlam həyat tərzi” mövzularında vebinarlar təşkil edilmiş, məruzə və mühazirələr oxunmuş, profilaktik söhbətlər aparılmışdır.
Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanmışdır.
Narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəbləri, mədəniyyət evi, klub və kitabxanalar tərəfindən həyata keçirilən onlayn tədbirlər “Astara” qəzetində və sosial şəbəkələrdə dərc edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işini daim diqqət mərkəzində saxlayan rayon komissiyası Astara Pedaqoji Kollecinin, Mərkəzi kitabxananın, Heydər Əliyev Mərkəzinin, Astara Mədəniyyət Mərkəzinin iştirakı ilə yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaq məqsədi ilə profilaktik söhbətlər aparmışdır.
Narkomaniyaya qarşı mübarizə məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanasında narkoloji kabinet fəaliyyət göstərir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır və 487 nəfər narkoman, 17 nəfər alkoqolizmdən əziyyət çəkən qeydiyyata alınmışdır. Həmin şəxslər mütəmadi olaraq müayinə olunaraq xəstəlikdən azad olunmaq üçün daim profilaktik tədbirlər həyata keçirilir.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 65 cinayət hadisəsi qeydə alınmışdır. Narkotik vasitələrin satılması ilə bağlı 32 fakt, saxlanması ilə bağlı 29 fakt və narkotik tərkibli bitkilərin əkilib becərilməsinə dair 4 fakt aşkar olunmuşdur.
Ötən müddətdə Astara şəhər sakini Məmmədov İmran Sakit oğlunun üzərindən 810 qram narkotik vasitə marixuana, 73,961 qram psixotrop maddə metamfetamin, Quliyev Bəxtiyar Təvəkkül oğlunun üzərindən və evindən 4 kq 063,42 qram narkotik vasitə tiryək, 0,243 qram narkotik vasitə heroin, Ərçivan qəsəbə sakini Əliyev Hüseyn Zakir oğlunun evindən 1 kq 265 qram narkotik vasitə heroin, 1,65 qram psixotrop maddə metadon, Astara şəhər sakini Əhmədov Elyar Əfqan oğlunun üzərindən 0,719 qram narkotik vasitə herion, Kərimova Elvina Qadir qızının üzərindən və evindən 50,335 qram narkotik vasitə heroin, 0,469 qram narkotik vasitə tiryək, Ərçivan qəsəbə sakini Əsədullayev Seyran Zakir oğlunun üzərindən 428,441 qram narkotik vasitə heroin, 5,348 qram psixotrop maddə metamfetamin, İbrahimov Məhərrəməli Mehman oğlunun üzərindən 7,381 qram narkotik vasitə heroin, 0,12 qram psixotrop maddə metadon, Artupa kənd sakini Məmmədov İlham Firdovsi oğlunun üzərindən 0,860 qram narkotik vasitə heroin, Ərçivan qəsəbə sakini Ağayev Elvin Qulu oğlunun üzərindən və evindən 2 kq 990 qram narkotik vasitə tiryək, 23 kq 510 qram narkotik vasitə heroin, Astara şəhər sakini Abdullayev Eldar Malik oğlunun üzərindən 2,536 qram narkotik vasitə heroin, Fətullayev Şıxəli Yolağa oğlunun üzərindən 5 kq 385 qram narkotik vasitə heroin, Hacıağayev Aran Hacımurad oğlunun üzərindən 13,178 qram narkotik vasitə heroin, Ojəkəran kənd sakini Həkimov İntiqam Nazim oğlunun həyətyanı torpaq sahəsindən ümumi çəkisi 127 qram olan 61 ədəd narkotik vasitə çətənə kolları, Sərək kənd sakini Arif Süleymanovun həyətyanı torpaq sahəsindən ümumi çəkisi 25 kq 850 qram olan 29 ədəd narkotik vasitə çətənə kolları, Kijəbə qəsəbə sakini Qənbərov Rahid Murtuza oğlunun üzərindən 3 kq 215 qram narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür.
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üzrə “Xaş-xaş 2021” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 2021-ci ilin hesabat dövründə 4 fakt qeydə alınmışdır. Rayon ərazisində müxtəlif təyinatlı torpaq sahələrindən yaş kütlə halında 100 ədəd kol, 26 kq 092.841 qram narkotik vasitə çətənə bitkisi aşkar edilərək götürülmüşdür.
2021-ci ilin ötən dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 23 kq 559.383 qram heroin, 7 kq 065.669 qram tiryək, 4 kq 029.549 qram qurudulmuş marixuana, 1,832 qram həşiş qətranı, 26 kq 092.841 qram çətənə bitkisi, 79.725 qram psixotrop maddə metamfetamin, ümumilikdə cəmi 65 fakt üzrə 60 kq 828.999 qram narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılmışdır.
Göstərilən faktlarla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmış və baxılması üçün məhkəməyə göndərilmişdir.
Azərbaycan Respublikasının ərazisində, eləcə də Astara rayonunda narkomanlığın yayılmasının səbəblərindən biri də narkotik vasitələrin qonşu dövlətlərdən qaçaqmalçılıq yolu ilə müxtəlif vasitələrlə ölkəmizə gətirilməsidir. Astara rayonunun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi vardır. Burada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni gücləndirmək məqsədi ilə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Bütün bunlarla birlikdə xüsusi qeyd olunmalıdır ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hamı bir nəfər kimi fəal iştirak etməli, daha təsirli tədbirlərin həyata keçirilməsi üçün lazım olan nə varsa hamısından istifadə olunmalıdır.
Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Qadınlar Şurası, Gənclər təşkilatları, Veteranlar Şurası, Dini icmalar və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir.
Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Narkomaniya tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Ona görə də hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.
Dövlət Proqramının müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlam həyat tərzinin təbliği, asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması və gənclər arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə rayon komissiyası bundan sonra da fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirəcəkdir.
Allahverən Mahmudov,
Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri

