Siyasət 

Bu gün Azərbaycan Qarabağla əbədi bütövləşdiyi üçün dünyanın ən bəxtəvər ölkəsidir

Bu nə möcüzəli addımlardır?! Yuxu belə bu qədər sürətli ola bilməz! Canımızda ruhumuzu, qəlbimizi, ağzımızda dilimizi şan-şan edən həsrətə, necə deyərlər, bir göz qırpımında əbədilik əlvida deyən  böyük işlərin imzası atılır… Və nə xoşbəxtik ki, bütün bunlar bizim gözümüzün qarşısında baş verir. Biz həqiqətən, sözün əsl mənasında bu böyük quruculuq işlərinin xoşbəxt şahidləriyik… Bu bəxtəvərliyi, bu xoşbəxtliyi bizə xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyaları əsasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş praqmatik addımlarının möhkəmliyi və qətiyyəti, xalq- iqtidar- ordu birliyinin sarsılmazlığı və möhtəşəmliyi  bəxş etdi. O addımlar ki, bir ilin yox, bütöv əsrlərin tarixini bəzəyəcək, o addımlar ki, hələ təkcə izləməyə, öyrənməyə, təhlil etməyə başlamaq istəyəndə ardınca özündən əvvəlki addımdan daha möhtəşəmini gətirir, izlədir və mat qalırsan… xoşbəxtliyə bələnmiş  ürəyindən əsl xalq dilindəki təmiz, saf, munis bir istək keçir: – Allahım, ölkəmizi bu möcüzələrin davamının və tamamının sevinci ilə işıqlandır!

Yuxu kimi deyildimi möhtərəm Prezidentimizin dilindən əziz Şuşanın mənfur düşmən işğalından azad edilməsi xəbərini eşitmək?! Möcüzə sayılmırmı heç bir şəhidsiz, qrafik əsasında təslim bəyanatı ilə Agdam, Kəlbəcər və Laçının işğaldan azad edilməsi?! Daha nəyə bu qədər sevinə bilərsən ki, bütün bunları tariximizə və ömrümüzə yazan möhtərəm Prezidentimiz cənab İlham Əliyev  və Turkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan birlikdə Şuşada  iki dövlətin qardaşlığını dünyaya bir daha bəyan edən sənədə qol qoydular?! Daha necə xoşbəxt ola bilərsən ki, Şuşada Xarı bülbül festival səsi, nəğmələri, Vaqif Poeziya günlərinin əks sədası  təkcə Qarabağa yox, bütün dünyaya yayılır?! Necə qürurlanmayasan ki, stüardessanın incə səsi ilə Qarabağa eniş edilməsi elanını eşidib, sərnişin təyyarəsinin Füzuliyə endiyini görürsən?!. Bütün bunlar Qarabağımızın, o gözəl, dilbər guşələrimizin qayıdış və dirçəliş hərəkatının başlanğıcıdır. Bir ev tikmək, bir kənd qurmaq, bir obaya həyat bəxş etməyin… nə qədər çətin olduğunu düşünəndə, işğaldan azad etdiyimiz torpaqlarımızda həyatın  canlanması üçün nə qədər böyük  Işlər görüldüyünü nağıl həqiqət, əfsanə həqiqət sanmaya bilmirsən!..

Möhtərəm Prezidentimiz böyük Zəfər gününün səbəbkarı Şuşanın azad edildiyini necə bir insana, həm də ən əziz insana xitab edən kimi bildirdisə bu günlərdə Vaqif Poeziya günlərində də Şuşa haqqında danışarkən yenə ona sadəcə bir şəhər kimi, bir yurd yeri kimi baxmadı, onu yenə ən əzizmizin yolumuzu gözlədiyi kimi təşbeh etdi. Bildirdi ki:  Şuşanın təməlini 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. “Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi.“ –dedi. Bəli, Biz Şuşanı yad əllərdə qoya bilməzdik və igid şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qoymadıq da. Cənab Ali Baş Komandanın münasib bildiyi və seçdiyi məqam  bütün keçilməz sədlər aşıldı. Şuşalılar Şuşaya qayıdırlar. Bundan böyük sevinc ola bilərmi?! Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur – üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi. Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımlar atılır. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. Şuşada yeni beşulduzlu hotel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Mənfur düşmən “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməli qoyuldu.

Möhtərəm Prezidentimizin təbirincə desək: “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi. Şuşa artıq azaddır. Biz azad Şuşada həyatı dirçəldirik. Şuşada festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.” Bax beləcə nağıl həqiqətlərin, əfsanə həqiqətlərin saysız olsun, Azərbaycan!

Fəqət Şadlinskaya,

YAP Bərdə rayon təşkilatının sədri

Daha çox xəbərlər