Cəbhədən Xəbər 

Ermənistana növbəti psixoloji zərbə

Elşad Musayev: Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan istər dövlət, istər xalq səviyyəsində tarixin çətin zamanlarında bir-birinə dəstək olublar. Yüzilliyin sınağından çıxan əzəli dostluq və qarşılıqlı münasibətlər bu gün də davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, Pakistan Ermənistanla heç bir səviyyədə diplomatik əlaqə qurmayıb. Azərbaycan xalqı, onun Prezidenti Pakistanın ölkəmizə olan dəstəyini 44 günlük Vətən müharibəsi zamanı da hiss etdi. Təsadüfi deyil ki, bu il iyun ayının 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə də bu məsələlər ətraflı şəkildə müzakirə edilmiş və yeni vəzifələr müəyyənləşdirilmişdi.Həmin görüşdə  İkinci Qarabağ müharibəsinin yekunlarından və regionda yaranmış yeni reallıqlardan danışan dövlət başçımız xatırlatmışdı ki, son illər ərzində bizim dostlarımızın sayı çox artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi: “Qardaş ölkələr –Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır”.

İstər müharibə dövründə, istər müharibədən sonrakı mərhələdə Türkiyə ilə çiyin-çiyinə dayanaraq lazım gəldiyi anda hər cür yardımla yanında olduqlarını bəyan edən Pakistan Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərmişdir. Xalqımızın unutmayacağı ən önəmli məqamlardan biri də müharibə aparan ölkəmizin paytaxtının küçələrində,  üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, “çiyin-çiyinə” dalğalanan Türkiyə və Pakistan bayraqlarının dalğalanması idi. Bu gün heç kimə sirr deyil ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri qarşılıqlı əlaqələr, dostluq və qardaşlıq baxımından dünyaya gözəl nümunədir. Bu üç ölkə bir-biri ilə bütün sahələrdə əməkdaşlığı genişləndirirlər. Hərbi sahədə əməkdaşlıq da bunun pir parşasıdır. Xatırlatmaq  yerinə düşər ki, sentyabrın 12-də Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçirilir. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. Qeyd edək ki, bu təlimlər “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

“Böyük Azərbaycan” Partiyasının sədri Elşad Musayev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, “Üç qardaş – 2021” birgə beynəlxalq təlimi ilk növbədə Azərbaycan Türkiyə və Pakistanın birgə əməkdaşlığının göstəricisidir: “Bu təlim dünyada məğlubedilməz böyük hərbi gücün göstəricisidir. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığını genişləndirir. Bu ölkələrlə qurulmuş dostluq qardaşlıq və müttəfiqlik münasibətləri vahid mövqedən Azərbaycanın gücünü nümayiş etdirir. Bildiyimiz kimi, Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 6-dan Laçın rayonunda növbəti birgə döyüş atışlı taktiki təlimi sentyabrın 9-da başa çatdı. Bu təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər. Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib”.

E. Musayev qeyd edib ki, təlimlərin keçirilməsi həm regionda , həm də dünyada vəziyyətin dəyişməsinə açıq işarədir: “Azərbaycan, Türkiyə və Pakistanın birgə təlim keçirmələri nəinki Ermənistan və havadarlarına, həm də dünyaya ünvanlanmış bir mesajdır. Laçın təlimlərindən sonra bu təlimin başlaması Ermənistana növbəti psixoloji zərbədir. Eyni zamanda, Rusiyaya da aydın oldu ki, artıq regionda vəziyyət dəyişib və yeni reallıqlarla barışmaq lazımdır. Dəyişən dünya düzənində isə Azərbaycanın, qardaş Türkiyənin və Pakistanın  xüsusi yeri var.  Görünən odur ki, dövlət olaraq Azərbaycan öz hərbi siyasi müttəfiqlərini doğru seçib. Nəticə etibarilə regionda baş verən bütün dəyişiliklər dövlətimizin xeyrinə yekunlaşacaq”.

 

Daha çox xəbərlər