Sosial 

Ruh düşkünlüyü, ya depressiya? – Payız depressiyası anlayışı doğrudurmu?

Melanxoliya, gücsüzlük, ruh düşkünlüyü, yuxuya meyllilik, əhval-ruhiyyənin aşağı olması və s. Bu emosional vəziyyətlər bütün fəsillərdə müşahidə oluna bilər. Səbəblər də müxtəlif ola bilər.

Payız fəsli isə həm də qəmginlik, durğunluq gətirir. Belə bir düşüncə var ki, payızda insanlarda depressiya müşahidə olunur. Klinik psixoloq Səidə Hüseynova Musavat.com-a açıqlamasında  bildirib ki, depressiya və ruh düşkünlüyü ayrı-ayrı anlayışlardır:

“İki həftə ərzində əhval-ruhiyyənin aşağı olması, daimi yorğunluq, ətraf aləmə marağın azalması, həyatdan zövq ala bilməmək depressiyanın əsas əlamətləri ola bilər.  Yuxululuq, yaxud əksinə, yuxusuzluq, iştahasızlıq və ya həddən artıq yemək, intihara meyllilik isə depressiyanın yanaşı simptomları hesab olunur. Bu hallar müşahidə olunduqda psixi pozğunluq kimi depressiya diaqnozu təyin oluna bilər. Hər bir insan həvəsdən düşə bilər. Lakin bu, davamlı olursa, mütəxəssisə müraciət etmək lazımdır”.

Bu il payız fəslinin gətirdiyi ruh düşkünlüyü fonunda həm də COVİD-19-a yoluxma qorxusu da insanları narahat edir. Psixoloq, bu vəziyyətlə də mübarizə yollarını açıqlayıb:

“Ötən il həmkarlarımızla psixi pozğunluğu olan insanlar arasında tədqiqat apardıq. Nəticə onu göstərdi ki, psixoloji problemlərin dərəcəsi kəskinləşib. Yüngül və orta dərəcəli təşviş keçirən insanlar artıq orta-ağır dərəcəli təşviş keçirməyə başlamışdılar. Psixi sağlam insanlarda da bunu müşahidə etdik.  Məhdudiyyətlər, qeyri-müəyyən vəziyyət gərginlik yaradır. Gündəlik fəaliyyətin olması faydalıdır. Fiziki aktivlik də kömək edə bilər. Məhdudiyyətlərə baxmayaraq, insanlar ünsiyyətdən qaçmamalıdırlar, çünki, bu, virtual həyata marağı artırır. Özünə qapanma da depressiv vəziyyətə gətirib çıxara bilər. İnsanın təklikdə qalması narahat düşüncələri artırır”.

Payız fəslində həyat ritmini azaltmamağa çalışmaq lazımdır. Psixoloqun sözlərinə görə, yay mövsümündə istirahətlə əlaqədar aktivlik yüksək olubsa, bunu qorumaq lazımdır:

“Gəzintiləri və ünsiyyəti artırmaq, yaşadığımız və ya işlədiyimiz məkanda kiçik də olsa, dəyişiklik etmək faydalıdır. Payız fəsli dumanlı, boz çalarlarla assosiasiya olunur. Ətraf mühitdə dəyişiklik əhvalı yüksəldə bilər. Bu tövsiyələr fayda verməsə, mütəxəssisə müraciət etmək yaxşı olar. Eyni zamanda, payızda hormonal dəyişikliklər olurƏgər ruh düşkünlüyü hormonal problemlərlə bağlı deyilsə, depressiya barədə düşünmək olar. Bu diaqnozu isə psixiatr təyin edir. Yüngül, orta sərhədli depressiyada ancaq psixoterapevtik yardım yetərlidir. Əgər depressiya  orta-ağır sərhədlidirsə, intihara meyllilik müşahidə olunursa, psixoterapevtik yardıma paralel olaraq, dərman müalicəsi də tətbiq olunmalıdır”.

Payız, yay fəslindən sonra, ələxsus istirahətdən sonrakı keçid dövrü olduğu üçün depressiv durum yaradır. Bunu isə psixoloq Gülər Məmmədova Musavat.com-a mövsümi ruh düşkünlüyündən danışarkən deyib:

“Bu, sinir sistemi ilə bağlıdır. Gün qısalır, günəş işığının azalması sinir sistemində problemi olan, nevrotik pozuntuları olan insanlara müəyyən mənfi təsir göstərir. Hava tutqun olanda əsəbi insanlarda ruh düşkünlüyü yaranır. Bu da depressiyanı artırır. İstirahətdən iş rejiminə qayıdan insanlarda da durğunluq müşahidə olunur. Adaptasiyanın çətin olduğu qeyd edilsə də, insanlar mərhələ-mərhələ bunun öhdəsindən gəlirlər”.

 

Daha çox xəbərlər