Sosial 

Bakıda Zəfər paradı keçirilən gün…

…Yolağaclı Vidadi Əzizovu çəkdiyi iztirablar vaxtından əvvəl qocaldıb. Yarım saatlıq söhbətimiz zamanı dəfələrlə dərindən köks ötürdüyünün və  hər dəfə ah çəkərkən  onun  necə yanıb-yaxıldığının şahidi oldum. Həyətində oturduğumuz kiçik köşkdən gözəl dağ mənzərələri görünür. Elə bil bu yamyaşıl təbiət mənzərələri Səttar Bəhlulzadənin sehrli fırçası ilə çəkilib. Qarşımda oturan şəhid gizirimiz Raqib Əzizovun atası Vidadinin canlı tablosunun müəllifi isə zamandır.O, ürək ağrısıyla tarixi Qələbəmizdən sonra oğlu Raqibin ailəsinə baş çəkmək üçün qısamüddətli məzuniyyətə gəldiyini deyir: “Ayağının altında qurban kəsdim, dedim iki dəfə yaralansa da, çox şükür Allaha ki, oğlum müharibədən sağ-salamat qayıdıb gəlib. Heç 3 gün çəkmədi ki, həyət-bacada gəzə-gəzə gördüm ki, Raqib çox dərin fikirə gedib. Soruşanda dedi ki, ata, hərbi hissəyə qayıtmaq istəyirəm, orada əsgərlərim mənim yolumu gözləyirlər…”

Vidadi oğluna məzuniyyətinin təzə başladığını xatırlatsa da faydası olmur.  Silahlı Qüvvələrin  giziri  Raqib Əzizov  məzuniyyətini yarımçıq qoyub ata-anası, həyat yoldaşı, beş yaşlı oğlu Rahid və iki yaşlı qızı Ayanla vidalaşıb Hadrutda yerləşən hərbi hissəyə qayıdır…

Hadrut ətrafındakı meşələr ona doğma Yolağacı meşələrini xatırladırdı.  Amma   əsgərlərinə  heç vaxt  “ağır” işi rəva görməyən  gizir bir gün avtomat silahını götürüb özü meşədən su gətirməyə gedir. Bu zaman 44 günlük müharibədə döyüş meydanından qaçıb meşələrdə gizlənən erməni  əsgərləri onu  gülləyə tuturlar…

Raqib təkbaşına onlarla son nəfəsinədək vuruşur. Çox keçmir ki, komandirlərinin köməyinə gələn əsgərlərimiz qanunsuz erməni hərbi dəstəsinin üzvlərini məhv edirlər, amma…

QISA TANITIM: Əzizov Raqib Vidadi oğlu 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açıb. 1997-2008-ci illərdə Yolağac və Güllütəpə kənd tam orta məktəblərində təhsil alıb.

2009- 2011 -ci illərdə Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprel ayının 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Gizir hazırlığı kursunda təhsil alıb. 2013-cü il aprel ayının 29-da Müdafiə Nazirliyinin əmrinə əsasən, gizir rütbəsində xidmətini müxtəlif  “N” saylı hərbi hissələrdə davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışıb.

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı  Füzuli, Cəbrayıl,  Hadrut, Zəngilan və Şuşa  uğrunda döyüşlərdə düşmənə qarşı vuruşub.

Qələbədən sonra qısamüddətli məzuniyyətə buraxılıb.Dekabrın  8-də  Hadrut istiqamətində düşmən snayperinə tuş gələrək şəhid olub.

Şəhid gizirin nəşi 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi. İki övladı  Vətənə əmanət qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin  sərəncamlarına əsasən, Raqib Əzizov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ali təhsili yarımçıq qalmışdı

Əzizovlar  ailəsində  boya -başa çatan  Raqibin  ulu  babası  Cəbrayıl   İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı döyüşmüşdü. Atası Vidadi sadə peşə sahibi idi. Sürücülüklə ailəsinin çörəyini qazanırdı. Raqib hələ beşinci sinifdə oxuyanda Naxçıvanda xidmət edən zabit dayısı Həbib Həbibovla birlikdə  keçirdikləri günlər onun qəlbində hərbi peşəyə maraq yaratmışdı. Əmisi nəvəsi Dərgah deyir ki, yeniyetmə  çağlarında Raqiblə birlikdə  meşədə şən məclislər  qurardıq. “Çox zarafatcıl, canlara dəyən  oğlan idi.  Yayda əl-ələ verib qış üçün oduncaq tədarükü görər, mal-qaraya ot biçib gətirərdik…”

…Təsərrüfat işlərində ailəsinə  kömək etməklə yanaşı,  Raqib məktəb illərində çalışqan şagird olub. Hətta orta təhsilini başa vurandan  sonra Azərbaycan Beynəlxalq Universitetində iki il ali  təhsil də alıb. Lakin Təhsil Nazirliyi tərəfindən universitetin lisenziyasının ləğv edilməsi nəticəsində Raqibin ali təhsili yarmçıq qalıb…

Sonra Vətən torpaqlarını işğalçı düşmənin murdar tapdağından azad etmək üçün həyatını hərbiyə bağlayır. Gizir hazırlığı kursunda hərbin sirlərinə bacarıqla yiyələnir və çalışqanlığı, həyata baxışı onu çoxlarının sevimlisinə çevirir. Çox çəkmir ki, rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsi ona həvalə edilir.

Əsgərlərinə qarşı çox diqqətli və qayğıkeş komandir kimi gizir Raqib Əzizov hərbi hissədə böyük  hörmət qazanır.

Onu sanki ölüm mələyi səsləyirdi…

Vətən müharibəsinin ilk günlərindən Qarabağ naminə odun-alovun içinə atılan gizir Raqib Əzizov öz bölüyü ilə əks-hücum əməliyyatlarında mərdliklə vuruşur, düşmənə sarsıdıcı zərbələr vuraraq onları geri çəkilməyə vadar  edir. Füzulidən başlayan döyüş yolu  Şuşada qalibiyyətlə  başa çatdı. 44 gün əks-hücum əməliyyatlarında iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərlərinin peşəkarlığına heyran olmamaq mümkün deyildi. Ucaboylu, qarayanız, xoş simalı gənc olan Raqib qorxmaz komandir kimi öz əsgərlərinə  nümunə oldu. Elə  bu nümunəvi xidmətinə  görə də  müharibə bitdikdən sonra hərbi hissə komandanlığı  ona  ailəsinə baş çəkmək üçün qısamüddətli məzuniyyət verdi.

Şanlı ordumuzun qalib giziri Raqibin Yolağacına dönüşü nəinki ailəsinin, bütün kəndin sevincinə səbəb oldu. Hamı atası Vidadiyə, anası Xatmirə Musaxan qızına  gözaydınlığı verirdi.

…Dekabr gecələrinin birində Raqib ata ocağının həyətində Dəmbəlov dağının başının üstündə güzgü kimi bərq vuran aya baxa-baxa fikrə dalmışdı. 11 il Vətənə xidmət edən oğlunu atası heç belə dalğın görməmişdi.  Dalğınlığının səbəbini soruşanda əsgərlərini düşündüyünü söyləyən Raqib ertəsi gün məzuniyyətini yarımçıq qoyub hərbi hissəyə dönür. “Elə bil onu ölüm ağuşuna çağırırdı,”deyə atası dağlara sarı boylanıb yenə dərindən  köks ötürür. Bir an mənə elə gəldi ki, Raqibin ruhu da  o dağların ən uca zirvəsindən  ata ocağını seyr edir…

Xalqını çox sevən və oxucuların çox sevdiyi yazıçı Əlibala Hacızadənin “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman…”  fikrini xatırlayıb dağlar qoynunda özüm də dərin düşüncələrə dalıram.

Səfər yoldaşlarım Milli Məclisin deputatı  Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərov və Güllütəpə  kənd  tam  orta  məktəbinin direktor müavini Rövşən Muxtarov  mənimlə birlikdə Yolağacından geri dönəndə söhbət edə-edə Raqibin Qələbədən sonra həlak olmasına çox təəssüflənirik.

…Bakıda Zəfər paradı keçirilən gün Masallıda şəhid gizirin nəşi izdihamla son mənzilə yola salınırdı. O gün Vətən sevgisi ilə vətənləşən Raqibin şəhid kimi yeni bir ömrü başladı.

Canını Vətən uğrunda gözünü qırpmadan fəda edən şəhidlər əbədi ömür qazanıblar. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur.

 

Daha çox xəbərlər