Cəbhədən Xəbər 

El bir olsa…

Qırx dörd  günlük Vətən müharibəsi zamanı Azərbaycana tam dəstək göstərən qardaş Türkiyə və Pakistanın xüsusi təyinatlıları sentyabrın 12-dən  Bakıda ölkəmizlə birgə  hərbi təlimləri davam etdirirlər. “Üç Qardaş-2021” adı ilə keçirilən təlimlər hər üç ölkədə böyük maraqla qarşılanan hadisəyə çevrilib.

Hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu təlimlərin keçirilməsinin təşəbbüskarı  Azərbaycan oldu. Türk və  pakistanlı qardaşlarımız da bu ideyaya dəstək verdilər. “Hər üç  ölkənin iştirakı ilə keçirilən təlimlər artıq çox uğurlu nəticələr  verir. Müdafiə Nazirliyinin nəzarəti altında təlim keçirilən ərazi bütün standartlara cavab verəcək səviyyədədir. Qoşunların verilən tapşırığı yerinə yetirmələri üçün hər cür imkanlar yaradılıb. Xüsusi təyinatlıların da ortaya qoyduqları nəticə hər birimizi sevindirir. Bunun davamı da gələcək. Həm Türkiyədə, həm də  Pakistanda belə təlimlər keçiriləcək. Artıq yeni ssenarilər, yeni tapşırıqlar olacaq. Biz  heç vaxt gizlətmirik ki, bu, ordunun döyüş qabilləyətinin yüksəldilməsi üçün görülən təlimlərdir.”

Üç dost və qardaş ölkənin xüsusi təyinatlılarının birgə təcrübə keçməsini   həm hərbi, həm də siyasi baxımdan  böyük əhəmiyyətə malik hadisə kimi qiymətləndirən ekspert davam edən təlimləri, eyni zamanda, düşmənə göz dağı kimi qiymətləndirdi.  “Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin bundan sonra da ayrı-ayrı yerlərdə bərabər çıxışları qaçınılmazdır.  Bilirsiniz ki, bir müddət əvvəl qardaş  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistanda rəsmi səfərdə idi. O cümlədən Pakistan rəsmiləri də Azərbaycana gəlmişdilər. Ümumiyyətlə, hərbi elə bir spesifik sahədir ki, ictimaiyyətə çox cüzi məlumatlar çatdırılır. Amma dərində daha böyük işlər, planlar var. Bu, sadəcə bizdə  deyil dünyanın digər aparıcı dövlətlərində də belədir. Amma işlər görülür. Bütün bu  işlər isə ölkələrin suverenliyi və müstəqilliyinin  daha da güvənli əllərdə olması, etibarlı şəkildə qorunması üçündür.”

“Üç Qardaş-2021” təlimlərinə ümidlə baxdığını qeyd edən Ü. Cəfərov bunu  çox böyük bir təcrübə, eyni zamanda, böyük  məktəb kimi dəyərləndirdi. “Bu, heç vaxt olmayan bir yenilikdir. 21-ci əsrdə hər hansısa bir ölkədə  belə təlimlər baş tutmayıb. Çünki xüsusi təyinatlılar döyüşün taleyini həll edən önəmli qüvvələrdir və dünyanın ən güclü ordularından hesab edilən Türkiyə və Pakistan xüsusi təyinatlıları ilə birgə keçirilən bu təlim bizim üçün böyük önəm daşıyır. Necə deyərlər, “El bir olsa, dağ oynadar yerindən”. Bu  prinsip  ilə üç dövlətin  birliyi hər bir ölkədə siyasi,  iqtisadi, hərbi, mədəni və digər sahələrin inkişafına da təkan olacaq.”

Daha çox xəbərlər