Gündəm 

Türkmənistan da Türk Şurasına gəlir – sədrlik qardaş ölkəyə keçir

Gələn ay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım məlumat verib. O, həmçinin bildirib ki, Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq. Bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək. Hazırda Türkmənistan Türk Şurasına müşahidəçi üzvdür.

Ad dəyişmə keyfiyyət dəyişikliyinə də gətirəcəkmi? Türk birliyi bununla yeni impuls qazanacaqmı və əsasən hansı sahələrdə bu, özünü göstərəcək?

VHP sədri, deputat Sabir Rüstəmxanlı görülən işləri çox mühüm hesab edir: “Növbəti görüşdə hansı məsələlər müzakirə ediləcək, bu barədə geniş məlumatım yoxdur. Son 30 ildə ləng getsə də, Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində işlər getdi. İldən-ilə bu birlik möhkəmlənir. Bu quruma üzv olmaqda tərəddüd keçirənlərin də inamı artır. Onlar da qoşulmağa başlayıblar. Türk dünyasının bir-birinə yaxınlaşması, inanması, bir-birinin taleyi, bu günü və gələcəyi ilə maraqlanması, bundan narahatlığını ifadə etməsi və digər yönlərdə baş verənlər çox mühümdür. Bu işləri inkar etmək mümkün deyil. Bir sıra ümumi təşkilatlar, qurumlar yaranıb, akademiya, mədəniyyət mərkəzləri, parlament, türk konseyi yaradılıb ki, bunlar da ciddi işlərdir.

Sabir Rüstəmxanlı — Vikipediya

Sabir Rüstəmxanlı: “Türk dünyası getdikcə Qərbin təsirindən qurtulacaq”

Türk dünyasının gələcəkdə təxminən Avropa Birliyi kimi bir qurum yaradıb bir-birinə dayaq durması və siyasi, iqtisadi, mədəni yöndə qarışıqlı əlaqələrin qurulması çox sevindirici olardı. Artıq bu istiqamətdə də ümidverici addımlar atılır. Türkmənistanın da proseslərə qatılması ilə birliyin gücü daha da artacaq, qarışıqlı etibar, inam güclənəcək. Türk dünyası getdikcə Qərbin, Avropa dövlətlərinin təsirindən qurtulacaq. Onların vahiməsi, xofu dağıldıqca bu birlik də güclənəcək. Birliyə sədrliyin Türkiyəyə keçməsi simvolik xarakter daşıyır. Amma birliyin fəaliyyətində, tərkibində qardaş ölkə daim əsas rol oynayır. Bundan sonra da bu belə olacaq”.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm”  – VİDEO

Natiq Cəfərli: “Azərbaycanla Türkiyə burada aparıcı rol oynayırlar”

REAL funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli isə bunları dedi: “Əslində neçə müddət idi ki, bununla bağlı işlər görülür, görüşlər keçirilirdi. Həm Türkiyə prezidentinin, həm də türkdilli ölkələrin rəhbərlərinin Ankaraya səfərləri olmuşdu. Bundan başqa Azərbaycanla Türkmənistan arasında olan bəzi fikir ayrılıqları aradan qaldırıldı. Dostluq qatarı ilə bağlı müqavilə də imzalandı. Bunun hamısı onu deməyə əsas verir ki, Türk Cümhuriyyətlərinin birliyi indiyə qədər görülən işlər sayəsində bu günə belə çatdı, bir növ gələcəkdəki sammitə bu hazırlıq xarakteri də daşıyır. Bu təşkilatın işlərini kardinə edən qurumların yaradılması çox vacibdir. Çünki siyasi, iqtisadi, sosial və mədəni sahələrdə koordinasiya olunmağa ehtiyac var.

Məsələn, iqtisadi məsələlərlə bağlı çox güman ki – ilkin danışıqlar vaxtı da bu məsələ gündəmə gəlmişdi – gömrük rüsumları və vergi dərəcələri ilə bağlı qarışıqlı güzəştlərin tətbiq olunması, ümumi bazarın yaradılması, hətta ümumi bir investisiya bankının təsis olunması ilə əlaqədar danışıqlar gedir. Əgər sammit zamanı kardinə olunacaq qurumların yaradılması ilə bağlı qərarlar alınacaqsa, bu gələcəkdə türkdilli ölkələrin inteqrasiyasını, birgə fəaliyyətini daha da asanlaşdıracaq, bununla da daha ciddi nailiyyətlərin əldə olunmasına imkan yaranacaq. Hətta investisiya bankının yaradılması çox ciddi bir addım olacaq. İlkin məlumatlara görə, nizamnamə kapitalı bir neçə milyard dollar olacaq bankın yaradılması nəzərdə tutulur. Həmin bank türkdilli ölkələrin ərazilərində böyük investisiya layihələrin həyata keçirilməsində əsas donor rolunu oynayacaq.

Mənə elə gəlir ki, bu addımların atılması türkdilli dövlətlərin gələcəkdə daha sıx inteqrasiyasının təməlini qoya bilər. Bu da ümumilikdə bazarın yaranmasına səbəb olar. Söhbət təqribən 150-160 milyonluq bazardan gedir. Bütün türkdilli dövlətlərin əhalisini nəzərə alsaq, burada söhbət kifayət qədər böyük olan bir bazardan gedir. Bu bazarın inkişaf etdirilməsi üçün ciddi perspektivlər var. Azərbaycan da burada önəmli rol oynaya bilər. Çünki logistik mərkəz Azərbaycandır. Yəni körpü rolunu oynayacağıq. Amma bunun o qədər də rəvan keçəcəyini söyləmək olmaz. Çünki bir sıra ölkələrin buna qısqanclıqla yanaşdığını da görürük. Son zamanlar Rusiya mətbuatını izləyənlər görürlər ki, bu sammitlə, gələcəkdə qurula biləcək ümumi infrastrukturla bağlı ciddi narahatçılıq, hətta qıcıq var. Ola bilər ki, müəyyən maneçiliklər də yaradılsın. Amma türkdilli dövlətlərin siyasi iradəsi çatacaqsa, mənə elə gəlir ki, bununla bağlı bir problem olmamalıdır. Çünki Azərbaycanla Türkiyə burada aparıcı rol oynayır. Gələcəkdə bu bazarın, ümumiyyətlə, bu birliyin genişlənməsi üçün böyük perspektivlər açıla bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər