Sosial 

Azad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də veriləcək – VİDEO

İşğaldan azad edilmiş ərazilərə çəkilmiş elektrik kabelləri ilə həm elektrik enerjisi, həm dayanıqlı və yüksəksürətli internet, həm də rabitə xətləri ötürüləcək.

Xezerxeber.az xəbər verir ki, bu işlər “Ağıllı şəbəkə konsepsiyası” əsasında həyata keçiriləcək.

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə “Xəzər Xəbər”ə bildirib ki, artıq bu istiqamətdə ilk addım atılıb.

Şuşa şəhəri və Suqovuşanın elektrik təchizatının təmin edilməsində müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Növbəti mərhələdə isə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Həmin kabellərlə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik internet və rabitə xətləri ötürüləcək.

Araz Məmmədzadənin sözlərinə görə, ağıllı şəbəkə konsepsiyası xüsusilə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. İnnovativ texnologiyaların tətbiqi sayəsində yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmayacaq, eyni zamanda iqtisadi səmərəlilik artacaq.

Mərkəz direktoru deyib ki, belə kabellər həm dayanıqlı, həm də bütün iqlim şəraitləri üçün əlverişlidir. Onun sözlərinə görə, yaxın gələcəkdə işğaldan azad edilmiş bütün ərazilər ağıllı şəbəkə sistemi ilə təmin olunacaq. Artıq bu istiqamətdə ilkin layihələndirmə işlərinə başlanıb.

Daha çox xəbərlər