Gündəm 

Çörəyin qiyməti dəyişmədi, buğda isə…

Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə Qərar imzalayıb. Dəyişikliklə un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib. Un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək. Un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu qərarla müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, aparılan hesablamadan belə qənaətə gəlmək olur ki, avqust ayında ölkəyə idxal olunmuş buğdanın bir tonunun statistik dəyəri 256 ABŞ dollar olub. Bu, milli valyuta ilə ifadədə 435,2 manatdır. Bu, illik müqayisədə 22,5 faiz çoxdur. Ötən ilin avqust ayında ölkəyə idxal edilmiş buğdanın bir tonunun statistika qiyməti isə 209 dollar və ya 355,3 manat təşkil etmişdi.

Ancaq məlum məsələdir ki, buğdanın qiymətində artım yeni deyil. Buğdanın qiymətindəki artımın çörək istehsalına təsirini azaltmaq məqsədilə “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin Qərarı ilə cari ilin fevral ayından un istehsalçılarına  satılan unun hər tonuna görə 35 manat subsidiyanın verilməsinə başlanılmışdı. Əvvəlcə may ayının birinə qədər qüvvədə olan qərarın müddəti sentyabrın 1-nə qədər uzadılmışdı.

Qərara edilən dəyişiklik ondan xəbər verir ki, yeni subsidiyalaşma mexanizmi əvvəlki kimi qısamüddətli deyil və çörəyin qiymətini uzun müddət sabit saxlamağa imkan verəcək. Eyni zamanda, bu ilin əvvəlində buğdanın idxalı və satışı ilə yanaşı,  buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən  azad edilib.

Ərzaqlıq buğda idxalındakı qiymət artımının mənfi təsirlərini azaltmaq istiqamətində atılan addımların effektivlik dərəcəsi məlum deyil. Ancaq görünən odur ki, hökumətin un satışını subsidiyalaşdırmaqda davam etdirməsi istehsalçıları qiymət artımına getməkdən çəkindirib. Hətta son günlər bəzi çörək istehsalçıları qiymət artımı etsələr də  Nazirlər Kabinetinin sözügedən Qərarından sonra qiyməti əvvəlki səviyyəyə endirməli olublar.

Bununla belə, buğdanın qiyməti dünya bazarlarında artmaqda davam edir. Buna səbəb aşağı məhsuldarlığın yaratdığı qıtlıqdır. Məhsul təklifinin azalması fonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ərzaqlıq buğdaya qlobal tələbin artacağı ilə bağlı proqnozu vəziyyəti bir az qəlizləşdirir. Belə vəziyyətdə dünyanın iri  istehsalçılarının ixrac həcmlərinə məhdudiyyətlərlə bərabər, əlavə rüsum tətbiq etmələri nəinki qiymət artımını, ərzaqlıq buğda ilə təminatı da problemə çevirə bilər.

Ötən il Azərbaycanda buğdaya tələbatın 43 faizə qədəri idxal hesabına ödənilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, ölkədə kənd təsərrüfatı üçün torpaq ehtiyatları məhduddur və cəmi 1 milyon hektar ərazidə taxıl əkilir. Son illər fermerlərin üçdə ikisi buğda əkir, amma həmin buğda əsasən ərzaqlıq deyil.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda un və yarma istehsalına 2 milyon 386 min 859 ton buğda yönəldilib ki, bunun da 66 faizi və ya 1 milyon 584 min 998 tonu idxal hesabına reallaşdırılıb.  Yeri gəlmişkən, ölkəyə buğda idxalı cari ilin yanvar-avqust aylarında 30 faiz azalıb.

Daha çox xəbərlər