Sosial 

Rəşidin Vətən sevgisi… – FOTO

Vətənə  sevgisi,  düşmənə sonsuz nifrəti  Lənkəran rayonunun Sütəmurdov kəndində dünyaya gəlmiş Rəşid Rəşad oğlu Məmmədova əbədi bir ömür qazandırdı.  Gəlib getdiyi  yol cəmi 23 il çəkdi, amma Rəşidin igidliyi, mərdliyi  böyük bir xalqın dilində dastana döndü. İkinci   Qarabağ müharibəsində  canını  30 il  düşmən əsarətində olan doğma torpağa fəda etməklə  neçə-neçə  gələn nəsillərə  nümunə olacaq   bir tarix yazdı.  Bəli, Lənkəran elinin qəhrəman oğlu  həyatını Azərbaycan  üçün yaşadı və ona şöhrət olmağı bacardı. Alovlu Vətən sevgisinə görə dövlət də Rəşidi  “Vətən uğrunda” medalına layiq gördü.

Elinə, yurduna ürəkdən bağlı, qurub-yaratmaq eşqli,  həyatının mənasını xalqına gərək olmaqda görən,  məhəbbət soraqlı  günlərə tapınan Rəşid Məmmədov 2015-ci ildə hərbi xidmətə gedir və Bakı şəhərində Azərbaycan Sülhməramlı  Qüvvələrdə  rabitəçi olur. Vətənin qeyrətini üstün tutmaqla, Qarabağın azadlığını düşünməklə  vəzifəsini mükəmməl yerinə yetirir, eləcə  öyrənməkdən də qalmır. Zabitlərin, əsgərlərin hörmətini qazanan Rəşidi xidmət etdiyi yerdə   mənəvi cəhətdən zəngin, Vətənini, torpağını canından artıq sevən, dövlətinə, xalqına sədaqətli, etibarlı vətəndaş bilir, onun cəsurluğunu, igidliyini, mərdliyini örnək sayırlar.  Hər dəfə işğal altındakı torpaqlar xatırlananda Rəşidin ən çox işlədiyi kəlmələr belə olur: “Vətəni qorumaqdan, məqamında onun yolunda  canından keçməkdən  müqəddəs iş yoxdur.”

Rəşidin Vətənlə, torpaqla bağlı arzuları  Tanrıdan gəlirdi. Məhz buna görə də onu ən çox narahat edən  düşmən tərəfindən Qarabağın ədalətsiz  işğalı idi. Bu amalla ürəyindəki qarşısıalınmaz istək onu yenidən ordu sıralarına aparır. Xüsusi kurslarda keçirilən təlimləri müvəffəqiyyətlə başa vurur. MAXE kimi  Vətəninin keşiyində durmaqla, düşməndən qisas alacağı günü gözləyir.  27 sentyabrda istəyinə çatır.  Köksündə qəhrəman ürəyi daşıyan igid Vətən müharibəsinin ilk günündə  erməni faşistlərə qarşı haqq savaşına başlayır.

Torpaq naminə Rəşidin döyüş yolu ağır müharibə meydanlardan keçir. Füzuli uğrunda edən  döyüşlərdə xüsusi qəhrəmanlıq göstərir. Hər qarış torpaq uğrunda can qoyur, böyük sayda erməni zabitinin, əsgərinin, tanklarının axırına çıxır. Ağır savaşlarda  düşmənə  qan udduran  igidimiz  29 oktyabr 2020-ci ildə  şəhid olur.

Vətənini yaşatmaqla zəfər tariximizdə şərəfli bir ad qoydu Rəşid.   Özü dünyadan getsə də, əməllərinin  işığından ömürlərə  nur gəlir.  Bu ölməz hünərinə görə  Lənkəran camaatı  Rəşidlə qürur duyur, hər yerdə, hər zaman xatirəsini uca tutur.

Zəfər  Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər