Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 471 min 661 şagird təhsil alacaq.
Bu barədə “İki sahil”ə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 min 171, IX sinfində 36 min 199, X sinfində 27 min 16, XI sinfində 23 min 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 min 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 467 müəllim çalışır.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.
