Partiyalarla işin yenidən təşkili davamlı siyasi sabitliyin təminatına mühüm töhfə verir- Əlisahib Hüseynov
“İkinci Qarabağ savaşının başlandığı 27 sentyabr 2020-ci il tarixindən bizi artıq bir illik zaman ayırır. Tarixi Zəfərimizin birinci ildönümü tamam olur. 27 sentyabr bundan sonra Azərbaycan xalqının tarixində və təqvimində daim ən önəmli yerlərdən birini tutacaq. Çünki məhz həmin gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşmənin növbəti təxribatlarına cavab olaraq bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi və nəticədə böyük Zəfərə imza atdı. Sentyabrın 21-də Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri”mövzusunda videokonfransın keçirilməsi parlaq Zəfərimizin birinci ildönümünün dəyərləndirilməsi, həmçinin Azərbaycanda siyasi dialoq mühitinin inkişafı baxımından mühüm önəm daşıyır.”
Bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “İki sahil”ə açıqlamasında söylədi.
Şanlı Qələbəmiz dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoyub
Partiya sədri bildirdi ki, 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmiz istər cəmiyyətimizin həyatında, istərsə də Azərbaycanın dövlətçiliyi üçün tamamilə yeni bir mərhələnin, yeni dövrün başlanğıcının əsasını qoyub. İndi biz yeni reallıqlarla üz-üzəyik: “Bu dövr sülh, sabitlik, təhlükəsizlik və davamlı tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr, yeni hədəflər dayanır. Müharibədəki qələbəmiz yeni hədəflərə doğru yol açır. Bu vəzifələr və hədəflər 2021-ci ilin yanvar ayının 6-da keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin çıxışında bəyan edilib. Prezidentin vurğuladığı strateji hədəflər arasında regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi, Ermənistanın 30 il ərzində işğal altında saxladığı bütün şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtmasının, talan etməsinin, habelə törətdiyi digər vəhşiliklərin və təxribatların beynəlxalq ictimaiyyətə çatdırılması ilə yanaşı, postmüharibə dövründə hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlığın təmin edilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasının başa çatdırılması, siyasi partiyalarla işin yenidən təşkil edilməsi, ölkədə siyasi dialoq mühitinin möhkəmləndirilməsi, siyasi sistemin subyektləri arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alır. Göründüyü kimi, kifayət qədər geniş spektri əhatə edən bu məsələlərin hər biri həm siyasi sistemimiz üçün, həm də cəmiyyət həyatı üçün olduqca zəruri məsələlərdir.”
Bu gün ölkəmizdə yeni siyasi konfiqurasiyanın qurulması prosesi müvəffəqiyyətlə həyata keçirilib
Müsahibimiz xatırlatdı ki, ötən bir il ərzində ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərinin demək olar ki, hamısı ilə çoxsaylı fərdi görüşlər keçirilib və partiyaların təklif və təşəbbbüsləri müvafiq qurum tərəfindən dinlənilib, dəyərləndirilib: “Söhbət Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən gedir. Şöbə bu mühüm missiyanın öhdəsindən müvəffəqiyyətlə gəlir. Qeyd etmək lazımdır ki, bu şöbənin rəhbəri Ədalət Vəliyev və eləcə də şöbənin əməkdaşları partiyalara qarşı maksimum diqqət və qayğı ilə yanaşırlar. Siyasi qüvvələrin təkliflərinə şöbə tərəfindən çevik reaksiya verilir. Həmçinin partiya sədrləri ilə fərdi görüşlərlə yanaşı, siyasi partiyaların birgə onlayn toplantıları vaxtaşırı təşkil edilir.
Siyasi dialoqun və milli həmrəyliyin başqa alternativi yoxdur
Həmsöhbətimiz qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini görürük. Bütün bunlar isə dövlət və xalq, cəmiyyət və siyasi partiyalar, eləcə də hakimiyyət və siyasi partiyalar müstəvisində həmrəylik və birlik atmosferinin daimi xarakter alması və dayanıqlı dialoq ənənələrinin daha da dərinləşdirilməsi üçün geniş imkanlar açır. Biz bu imkanları düzgün dəyərləndirməliyik. Çünki mövcud problemlərin müzakirəsi və həlli baxımından həqiqətən də siyasi dialoqun və milli həmrəyliyin başqa alternativi yoxdur.
Siyasi dialoqun bundan sonrakı perspektivlərinə də böyük ümidlər bəsləyirəm
Partiya sədri əlavə etdi ki, ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə bütün imkanların səfərbər olunmasında siyasi partiyalar bundan sonra da əhəmiyyətli rol oynayacaq: “Siyasi dialoqun və milli həmrəyliyin dönməz xarakter alması artıq göz önündədir. Siyasi dialoq və milli həmrəylik biri digərini tamamlayan həlledici amillərdir. Bu mənada mən müharibə dönəmində olduğu kimi, cəmiyyətimizdə həmrəylik mühitinin formalaşmasında əhəmiyyətli rol oynayan siyasi dialoqun bundan sonrakı perspektivlərinə də böyük ümidlər bəsləyirəm. Siyasi partiyalar ölkə başçısının xarici siyasət sahəsində atdığı uğurlu addımlara, qardaş Türkiyə ilə birgə Şuşa Bəyannaməsinin imzalanmasına, habelə Zəngəzur dəhlizinin açılması istiqamətində Prezidentin prinsipial mövqeyinə yekdilliklə dəstək verdikləri kimi, bundan sonra da bütün ümummilli məsələlərdə vahid mövqedən çıxış edəcəklər. Zəfərimizin yeni-yeni hədəflərə yol açması və postmüharibə dönəminin yeni reallıqları hamımızdan birlik, həmrəylik tələb edir. Biz 44 günlük müharibədə bütün dünyaya nümayiş etdirdiyimiz milli həmrəyliyimizi bundan sonra da qoruyub saxlamağı bacaracayıq.

