Siyasət 

Naxçıvanın blokada şəraitində olması “Sarsılmaz qardaşlıq-2021” birgə təlimlərinin önəmini artırır

“Azərbaycanın və onun müttəfiqlərinin gücü heç kimə qar­şı yönəlməyib, təlimlərdə başlıca vəzifə dövlətin öz təhlükəsizliyini təmin etməkdən ibarətdir.”

Bu sözləri politoloq Yusif Bağırzadə Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimləri haqqında fikirlərini  “İki sahil” qəzetinə açıqlayarkən deyib.

Y.Bağırzadə bildirib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri artıq bir ənənə halını alıb. Mütəmadi olaraq keçirilən bu səpkili təlimlər heç şübhəsiz ki, ordumuzun döyüş qabiliyyətini artırmaqla yanaşı, həm də düşmənlərimizə verilən mesajdır: “Təkcə sentyabr ayında Laçında keçirilən Azərbaycan – Türkiyə, daha sonra Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Üç Qardaş 2021” hərbi təlimləri, ardınca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə reallaşan təlimlər, “Texnofest-2021” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı və indi də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimləri onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsindəki qələbədən sonra belə ordumuzun hazırlığı və döyüş qabiliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Naxçıvanda sentyabrın 20-də başlamış hərbi təlimlər də Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hazırlığının artırılması istiqamətində həyata keçirilən növbəti addımdır. Naxçıvanın faktiki blokada şəraitində olması, Ermənistanla sərhəddə yerləşməsi bu təlimlərin önəmini daha da artırır. Haqqında danışdığımız təlim Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.”

Politoloq qeyd edib ki, “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimlərdə hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növləri iştirak edir: “Birgə təlimlər Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının uğurla inkişaf etdiyinin göstəricisi olmaqla yanaşı, həm də dünyaya bu iki ölkənin ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanında olduqlarının da mesajını verir. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidentinin və ümumilikdə Türkiyə rəsmilərinin açıqlamaları Azərbaycanın tək olmadığına işarə idi. Əslində bu, həm də bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün “kənarda durun və müdaxilə etməyin” mesajı idi. O baxımdan indiki və ümumiyyətlə, mütəmadi olaraq keçirilən təlimlər də Türkiyə tərəfindən verilən istənilən təcavüz zamanı Azərbaycanın yanındayıq mesajı anlamına gəlir. Ümumilikdə isə qeyd etmək lazımdır ki, bu təlimlərdən kimlərinsə narahat olmasına heç bir əsas yoxdur. Ermənistan və ya hər hansı bir digər ölkə bu cür təlimlərdən na­rahat olmamalıdır. Çünki Azərbaycanın, eləcə də onun müttəfiqlərinin gücü heç kimə qar­şı yönəlməyib. Burada başlıca vəzifə dövlətin öz təhlükəsizliyini təmin etməkdən ibarətdir.”

Politoloq Zaur Məmmədov isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, təlimlərin Naxçıvanda keçirilməsi Azərbaycan və bölgə üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təsadüfi deyil ki, elə yüz il bundan əvvəl də Qars müqaviləsində Naxçıvan xüsusi yer tuturdu: “Bu gün də Azərbaycan-Türkiyə münasibətlərində Ermənistan-Türkiyə və İran-Türkiyə arasında faktiki olaraq yerləşən Naxçıvan təbii ki, strateji baxımdan həm Ankara, həm də Bakı üçün vacib nöqtələrdən biridir.

Bir məsələni də unutmayaq ki, bu yaxınlarda İran Araz çayı sahilində keçirilən hərbi təlimlərini davam etdirməkdədir. Bir neçə kilometr uzaqlıqda da Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi təbii ki, bir çox qüvvələrə verilən ismarıcdır ki, onlar yeni postmüharibə prosesləri ilə razılaşmalı və bölgədə sülhün bərqərar olmasına zərər vurmamalıdırlar. Əks-təqdirdə biz müntəzəm olaraq həmin beynəlxalq dairələrə öz sözümü diplomatik yolla deyəcəyik. Hərbi sahədə də güclənmə, modernləşmə islahatları davam etməkdədir və faktiki olaraq Aərbaycan-Türkiyə hərbi qüvvələrinin inteqrasiyasının davam etdiyini görürük. Bu, olduqca vacib amildir və proses bundan sonra da davam edəcək.”

Daha çox xəbərlər