Münaqişə medianın diqqətini cəlb etdi və mən həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim
Döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində “Siz bu informasiya cəbhəsində müqavimət göstərməyə, irəli getməyə necə nail oldunuz?” sualını cavablandırarkən söyləyib.
Bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatının və erməni diaspor təşkilatlarının onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaratdıqlarını, bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarların heç bir məntiqə uyğun gəlmədiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm”.
Prezident İlham Əliyev qeyd edib ki, erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik.
“Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

