Siyasət 

Ermənistan müharibənin əvvəlində bizim təkliflərimizdən imtina etməklə faciəvi səhvə yol verdi

Hərbi əməliyyatların müxtəlif mərhələlərində biz Rusiya Prezidenti Vladimir Putin ilə müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlayandan on gün sonra bizim ilk telefon söhbətimiz oldu. Biz müharibənin dayandırılması üçün nə etmək lazım olması məsələlərini də müzakirə etdik. Rusiya tərəfi də bu təklifləri dəstəklədi, amma erməni tərəfi imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə yol verdi.

ARANTV.AZ  xəbər verir ki,  bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində Üçtərəfli Bəyanatdan danışarkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır. Onlar güman edirdilər ki, qərbli dostları onlara kömək edəcəklər. Onlar Rusiyadan açıq-aşkar narazılıqlarını bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən döyüşmür”.

Prezident deyib ki, Azərbaycan Şuşa şəhərini azad edəndən sonra Rusiya Prezidenti ona zəng vuraraq, erməni tərəfinin şərtləri yerinə yetirməyə hazır olduğunu bildirib. “Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir”.

Daha çox xəbərlər