27 sentyabr: Milli birliyin təmin olunduğu gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri təşkil ediləcək. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.
Məlum olduğu kimi, ötən ilin 27 sentyabrında işğalçı Ermənistanın Azərbaycana qarşı xaincəsinə həyata keçirdiyi növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başladı. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı.
Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini görən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Noyabrın 8-də Şuşa qəhrəmancasına azad edildi. Bunun ardınca düşmən noyabrın 25-də Kəlbəcəri, 20-də Ağdamı, dekabrın 1-də isə Laçını Azərbaycana döyüşsüz təhvil verdi.
Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də götürdüyü əsirlərə fiziki iztirablar verdi. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşayış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atıldı. Gəncə beş dəfə bombalandı. Düşmən hətta Mingəçevirə, Xızıya, başqa uzaq ünvanlara belə raket atmaqdan çəkinmədi. Bütün bunlara rəğmən xalqımızın və ordumuzun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilərək məkrli düşməni darmadağın etdi. Məhz bu amillər ötən il sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsinin ümumdünya tarixi əhəmiyyətini bir daha ortaya qoyur.
Bütün Vətən müharibəsi boyunca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də Zəfər çalacağıq. Azərbaycanın pilotsuz uçuş aparatlarının erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi. Lakin yenə də əsas güc əsgər, gizir və zabitlərimizin üzərinə düşürdü. Vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz Zəfəri öz qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində biz Qələbəyə nail olduq.
İndi işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Şuşada Türkiyə–Azərbaycan Birgə Bəyannaməsi imzalanıb. Bütün bunların özəyində, heç şübhəsiz, ötən ilin 27 sentyabr günündə başlanan Vətən müharibəsinin gətirdiyi tarixi Zəfər dayanır. 27 sentyabr Azərbaycan xalqının milli birliyinin təmin olunduğu gündür.

