Mən fəxr edirəm ki,Azərbaycan əsgəriyəm
O unudulmaz, dəhşətli və tarixə qızıl hərflərlə yazılan günlərdən artıq bir il keçdi. Baxmayaraq ki,
həmin tarixdən bir il keçib, lakin mən özümü indi də olduğum cəbhədə, erməni dığalarının məhv
edərək qovduğumuz gözəl Qarabağ torpağında hiss edirəm. Unudulmaz sözünü əbəs yerə
işlətmədim. Bəli, o günlər xalqımızın hər bir övladı kimi mənim üçün də əbədi olaraq yadda qalan və
heç vaxt yaddaşımdan silinməyən bir tarixdir. Mən Ali təhsilli və tarix fənnini gözəl bilən bir gəncəm.
Məhz, ona görə də tam məsuliyyətimlə deyə bilərəm ki, bəşəriyyət yarandığı gündən tarixin heç bir
dövründə müharibəylə alınmış və çoxlu sayda insan qanı axıdılmış torpaq sülh yolu ilə geri
qaytarılmamışdır. Doqquz iqlimli gözəl torpaqlarımıza tarixən düşmən gözü dikilmişdir. Torpaqlarımız
zəbt olunmuşdur. Zəbt olunan torpaqlar isə nə sülh, nə də müharibə yol ilə geri qaytarılmamışdır.
Mənim 27 yaşım var. Mən Qarabağ və Qarabağ ətrafı rayonlar haqqında məktəbdə oxumuş, kütləvi
informasiya vasitələrindən və böyüklərdən eşitmişdim. Bu torpağın füsünkar gözəlliyini gözümlə
görməmişdim. Axı, bu gözəl diyar 30 il idi ki, düşmən tapdağı altında idi, işğal olunmuşdu. 2015-2016-
cı illərdə həqiqi hərbi xidmətdə olan zaman Aprel döyüşlərində mən də birbaşa iştirakıçı idim.
Qarabağ torpağının bir hissəsində döyüşlərdə iştirak etdim. Cəmi bir həftə çəkən bu döyüşdə
düşmənə layiqli zərbə endirməyimizə baxmayaraq, müəyyən səbəblərdən müharibə davam etmədi.
Lakin ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin bir başa rəhbəriliyilə tam şəkildə qüdrətli bir
ordu kimi formalaşandan sonra 27 sentyabr 2020 – ci il tarixində işğalçıların hücumuna adekvat cavab
olaraq əks hücuma keçdi. Mən də bir təcrübəli döyüşçü kimi cənab prezidentin qismən səfərbərliklə
bağlı imzaladığı sərəncama əsasən Bakı şəhəri Xətai rayonunun SHXÇDX-nin şöbəsindən bizdən
imdad istəyən, artıq murdar düşmənin ayaqları altında zara gələn torpaqlarımızın azad olunmasına
görə döyüşə yola düşdüm. 44 günlük döyüşün hər dəqiqəsi bu gün gözümün önündən kino lenti kimi
keçir. Doğudan da Azərbaycan dövləti çox qüdrətli bir dövlətdir. Azərbaycan ordusu isə Rəşadətli bir
ordudur. Bunu deməyə haqqım var. Hər bir hərbçinin öz dəsti-xətti, öz təcrübəsi və müasir
silahlardan istifadə etmək qabiliyyəti ordumuzu dünyaya nümunəvi bir ordu kimi, tanıtdı. Biz müxtəlif
silahlarla vuruşurduq. Lakin bizim ən güclü silahımız isə Müzəffər Ali Baş Komandanın bizə verdiyi
mənəvi dəstək idi. Bilirdik ki, arxamızda İlham Əliyev kimi təcrübəli, və istedadlı Komadanımız var.
Məhz ona görə də tarixdə heç vaxt olmayan qısa bir vaxtda-44 gün müddətində 30 illik torpaq
həsrətinə son qoyuldu və zəfər çalındı.
Doğrudur, şəhidlər verdik, qazilərimiz var, amma unutmamalıyıq ki, şəhidlərimiz vətən uğrunda,
namus uğrunda, qeyrət uğrunda və əsası isə tarixi dövlətimizin ərazi bütövlüyü uğrunda məqsədli
şəkildə şəhid olublar. Xalqımız qədirbilən xalqdır. O, öz qəhrəmanını heç vaxt unutmaz. Çünki, bu gün
Qarabağ torpağının hər qarışında şəhidlik zirvəsinə qalxan qəhrəmanlarımızın ayaq izləri var. Onların
qanı ilə sərhəd çəkilib.
Eşq olsun, Azərbaycan oğullarına.
Eşq olsun, Ali Baş Komandanımız İlham Əliyevə.
Qarabağ Azərbaycandır!
Mirzəzadə Sadiq Balaşirin oğlu.
2016 Aprel və 2-ci Qarabağ döyüşlərinin iştirakçısı.

