Azərbaycan-Türkiyə dostluğu ən yüksək zirvədə
Prezident İlham Əliyev: Əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı
Dərin tarixi-mənəvi dəyərlərə söykənən Türkiyə – Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının birləşməsində həlledici rol oynayır. Bu da bir faktdır ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.
İki qardaş, dost ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu 44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. O şərəfli günlərdə hər iki ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirdilər.
Bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında bildirib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub.
44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində – istər siyasi, istər iqtisadi, istərsə də hərbi məsələlərdə yanında olub və olacaqdır.
Prezident İlham Əliyev bu günlərdə Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırdı: “Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız hesab edirəm ki, bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir”.
Azərbaycan-Türkiyə əlaqələrinin bu cür ən yüksək səviyyədə inkişafı təkcə iki dövlətin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Ölkəmizin başçısı bir daha qeyd edib ki, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı. Prezidentimiz, həmçinin vurğulayıb ki, İkinci Qarabağ savaşından sonra iki qardaş ölkə arasında münasibətlər daha da yüksək pilləyə qalxdı: “Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, O, Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, oraya getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır”.

