2020-ci ilin 29 sentyabrı…
Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin üçüncü günü
Sentyabrın 28-dən 29-na keçən gecə intensiv toqquşmalar bütün cəbhə boyu davam etmiş, erməni qüvvələri dəfələrlə əks-hücuma cəhd göstərsə də Azərbaycan Ordusu tərəfindən müvəffəqiyyətlə dəf edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulmuş, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülmüşdür.
Səhər saat 07:00–08:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankının məhv edildiyi məlumatını yayımlamışdır.
Təxminən saat 10:15-də Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımlayıb. Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilmişdir. Həmçinin Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi-, polkovnik Karen Babayan məhv edilmişdir.
Təxminən saat 12 radələrinə olan məlumata görə, Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan öldürülmüşdür. Həmçinin Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilmişdir.
Saat 13 radələrinə olan məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri, polkovnik Artyom Poqosyan ağır yaralanmışdır.
Saat 12 radələrindən başlayaraq ermənilər kütləvi şəkildə Xankəndi şəhərini tərk etməyə başlayıb.
Saat 16:00 radələrində Azərbaycan Ordusu tərəfindən Ermənistanın daha bir yüksək rütbəli zabiti olan R. Atabekyan məhv edilmişdir.
Təxminən saat 17.30 radələrində Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının 9-cu mexanikləşdirilən piyada alayının artilleriya rəisi, polkovnik Artyom Poqosyan məhv edilmişdir.
Azərbaycan Müdafiə Nazirliyinin saat 23 radələrinə olan məlumatına əsasən, Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılmışdır.

