Möhtəşəm anım yürüşünün dünyaya verdiyi mesajlar
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş vətəndaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi yürüşdə hər kəs əllərində şəhidlərimizin fotosu olan plakatları tutub. Bu tədbirdə ən çox diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin şəhid əsgərin, Mehriban Əliyevanın isə körpə şəhid fotosunu tutması olub. Bəs həmin şəhidlər kimlərdir?
Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. O, 1999-2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. A.İbrahimli 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin ötən il dekabrın 9-da imzaladığı sərəncamla ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə, o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli şəhidin tabutunu çiyinləri üzərində dəfnə aparmışdı. Ötən il həmin görüntülər sosial şəbəkələrdə ən çox paylaşılan və müzakirə edilən şəkil olmuşdu.
Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz isə 10 aylıq Narin Teymur qızı Xalıqovadır. Narin Xalıqova ötən il oktyabrın 16-da erməni silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində şəhid olub. N.Xalıqova ilə yanaşı, anası Sevil Xalıqova da həmin hücumda həyatını itirənlərdəndir.
Beləliklə, ölkənin ali rəhbərliyinin bu yürüşdə iştirak etməsi, əllərində tutduqları fotolar həm şəhidlərimizin ruhuna olan böyük ehtiram, həm də bu jestlə dünyaya verilən bir mesaj idi.

Elman Nəsirov: “Bu yürüş bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz azadlığı uğrunda şəhid verməyə qadirdir”
Millət vəkili Elman Nəsirov bu mesajların əhəmiyyəti haqda “Yeni Müsavat”a danışıb: “Sentyabrın 27-də Vətən müharibəsinin başlamasının bir illiyi keçirildi. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu müharibə Azərbaycanın ədalətli müharibəsi idi. Hansı ki, 30 il işğal altında qalan torpaqlarımızın azad olunması, 8 noyabrda Şuşanın alınması və ardınca noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktı imzalamasına səbəb oldu. Bu qələbə təkcə ərazimizin, suverenliyimizin toxunulmazlığını təmin etmədi, həm də erməni faşizminin başını əzdi. Bu mənada qələbəmizin mənası həm lokal, həm regionaldır, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Çünki faşizm, terrorizm bütün dünya üçün təhlükədir.
Beləliklə, Anım Günündə həm cənab Prezidentin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə möhtəşəm, izdihamlı yürüş təşkil edildi. Bu yürüşdə 3 minə yaxın şəhidin fotosu əllərdə tutulmuşdu. Əlbəttə ki, bu yürüşün çox böyük siyasi mənası və hədəfi var idi. İlk öncə ən böyük hədəfi ondan ibarətdir ki, Azərbaycan dövləti, xalqı, ali rəhbərliyi öz şəhidlərinə çox böyük ehtiram göstərir, onun ruhu qarşısında baş əyir, hər zaman xatirəsini əbədiləşdirir. Nə qədər ki, hər birimiz bu həyatda yaşayırıq, şəhidlərimizə minnətdar olmalıyıq. Çünki onların şücaəti xalqımızın qürurunu, ləyaqətini özünə qaytarıb.
İkinci əhəmiyyəti ondan ibarətdir ki, bu yürüş bir daha onu göstərdi ki, Azərbaycan xalqı öz azadlığı uğrunda şəhid verməyə qadirdir.
Daha bir hədəf – cənab Prezident də öz çıxışında bildirmişdi ki, əgər düşmən yenidən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradacaq bir addım atarsa, o zaman tərəddüd etmədən o düşmənin başı əziləcək və “Dəmir yumruq” öz yerində qalır”.

Fərhad Bədəlbəyli: “Körpə şəhidin fotosu çox təsirli idi… ”
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli xüsusən Mehriban Əliyevanın körpə Narinin fotosu ilə yürüş etməsindən təsirləndiyini dedi: “O foto çox təsirli idi. Bu bir mesaj idi ki, müharibə zamanı körpə uşaq da şəhid oldu. Beləliklə, nəinki döyüş meydanında döyüşən əsgərlərimiz, həmçinin Gəncədə, Bərdədə, Tərtərdə yaşayan sivil sakinlər də düşmən qarşısından qaçmadı, qorxmadı, öz torpağında, yurdunda qaldı, düşmənlə döyüşməsə də bu cür vuruşdu. Gəncədə olarkən raket atılan ərazidə olmuşdum. Orada ən dəhşətli bir səhnəni – hansısa musiqi məktəbinə gedən uşağın parçalanmış not dəftərini gördüm. Bu məni dəhşətə gətirdi… Amma hər şeyə dözdük. Bizim aslan kimi döyüşən igidlərimiz düşmənə qalib gəldi. Bizim akademiyanın 5 tələbəsi də müharibədə iştirak etdi. Ötən gün onlarla görüş keçirdik. Onlar Füzulidə, Şuşada döyüşüblər. Biri skripka ifaçısı, biri vokalçı, biri bəstəkardır. Onlar nələr danışırdı… Ötən gün ”Euronews”a baxırdım. Yenə də ikili standartlar davam edir. Belə ki, İrəvandakı yürüşü əvvəldən sona qədər göstərir, amma Azərbaycandakı möhtəşəm yürüşü göstərmədilər. Sadəcə, Bakının binaları göstərildi və dedilər ki, Bakıda da belə bir yürüş keçirilib. Ona görə də bizim nə şimalda, nə cənubda, nə də qərbdə dostumuz var. Bizim yalnız və yalnız əsl dostlarımız Türkiyə, Pakistandır və onlara güvənməli, bir-birimizə qarşı diqqətli olmalıyıq”.

Novella Cəfəroğlu: “Həmin yürüşü görüb dedilər ki, sizin Prezident dünyanın ən gözəl lideridir”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu: “27 sentyabr günü İsraildə yaşayan övladlarım mənə zəng vurub dedi ki, sizin Prezident dünyada ən gözəl liderdir. Çünki hər kəs həmin möhtəşəm yürüşü, Prezidentin və xanımının xalqa, insanlara məhəbbətini gördü. Bu yürüş Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə böyük bir ehtiram idi. Bu həm də şəhidlərə ”sağ olun, siz heç vaxt yaddan çıxmamısız, hər zaman qəlbimizdəsiz” mesajı idi. Təsəvvür edin, o qədər yolu cənab Prezident və xanımı Mehriban Əliyeva əllərində şəhidlərimizin fotosu ilə yürüş etdi. Bu çox təsirli mənzərə idi. Bununla da Azərbaycan bütün dünyaya nümunə göstərdi ki, bizim öz əsgərimizə qarşı böyük hörmətimiz, məhəbbətimiz var”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”

