Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci ilin 30 sentyabrı…
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin dördüncü günü
Sentyabrın 29-dan 30-na keçən gecə, saat 00:20 radələrində Azərbaycan Ordusunun İsrail istehsalı Harop dağıdıcı dronu vasitəsilə dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb. Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəlilərinin olduğu bildirilib.
Saat 01:00 radələrində sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılıb. Nəqliyyat vasitələrinin Cənubi Azərbaycanlılar tərəfindən Azərbaycana dəstək məqsədilə yandırıldığı və görüntülərinin paylaşıldığı iddia olunmuşdur.
Təxminən saat 01:10-da Azərbaycan Müdafiə Nazirliyi, Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntülər yayımlayıb.
Səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmuşdur. Atəş nəticəsində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.
Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından təcili surətdə köməyə gələn ehtiyat qüvvə Azərbaycan Ordusu tərəfindən məhv edilib.
Saat 10:20 radələrində Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayımlamışdır.
Saat 11:40 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini göstərən video yayımlamışdır. Həmçinin, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçması barədə məlumat verilmişdir. Köməyə gələn Ermənistan ordusunun ehtiyat qüvvələri Azərbaycan Ordusu tərəfindən aşkar olunaraq dəqiq atəş zərbəsi ilə məhv edilmişdir.
Saat 12:40 radələrində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilmişdir.
Saat 13 radələrinə olan məlumata əsasən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sentyabrın 29-da Ermənistan ərazisindən havaya qalxmış iki “Su-25” tipli təyyarəsi dağa dəyərək partlamış və məhv olmuşdur.
Saat 13:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayımlamışdır. Yayımlanan digər bir videoda Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusu toplarının dəqiq atəşlə məhv edildiyi görüntülər öz əksini tapmışdır.
Saat 15:10 radələrində Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankının məhv edildiyi görüntüləri yayımlamışdır. Saat 15 radələrinə olan digər məlumata görə isə Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoymuşdur. Həmçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilmişdir.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd yaylım atəşli reaktiv sistemi, 2 ədəd “9K33 Osa” zenit-raket kompleksi, 4 ədəd yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilmişdir.
Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəymişdir.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilmişdir. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 BM-1 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilmişdir.

