Azərbaycan Qarabağda mozarella camış pendiri istehsalına başlayacaq – İran niyə narahatdır?
İtaliyalı camışlar İsrail şirkətinin tikdiyi “ağıllı ferma”da saxlanacaq
İran rəsmilərinin, din xadimlərinin Azərbaycana yönəlik təhdid çıxışlarında rəsmi Bakı açıq və ya üstüörtülü formada İsraili cənub ərazilərində möhkəmləndirməkdə ittiham olunur. Fars hakimiyyətinin “sionist rejimi” adlandırdığı İsrail Azərbaycanın cənub regionunda varmı? Varsa, hansı sahədədir? Bu istiqamətdə apardığımız araşdırma göstərdi ki, Azərbaycanın cənub bölgəsində, daha dəqiqini desək, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində bir İsrail şirkəti işləyir. Və bu şirkət rayonun bərpa prosesinin başlanğıcı olan “Ağıllı kənd” layihəsi çərçivəsində camış ferması yaratmaqla məşğuldur. Özü də sadəsindən deyil, məhz ağıllısından…
Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib. Söhbətdə həmin şirkətin nümayəndəsi də olub və Prezidentlə maraqlı dialoqları qeydə alınıb:
“İsrail şirkətinin əməkdaşı:
– Sizə təqdimatımızı göstərə bilərikmi?
Prezident İlham Əliyev:
– Bəli, buyurun.
İsrail şirkətinin əməkdaşı:
– İlk növbədə, Sizin qarşınızda dayanmaqdan, Sizinlə görüşməkdən böyük qürur hissi keçirirəm. Bu imkana görə təşəkkür edirəm. Mən Sizi Qarabağ ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik etmək istəyirəm. Biz Sizin tərəfdaşınız olmaqdan həqiqətən də şadıq. İsrail Zəngilanda əvvəlcə 300-400 başlıq camış ferması tikəcək, sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir. Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.
Prezident İlham Əliyev:
– Təşəkkür edirəm. Mən bilirəm ki, İsraildə inəklər ən yüksək keyfiyyətli məhsul verir və orada inəkbaşına ən yüksək həcmdə süd alınır.
İsrail şirkətinin əməkdaşı:
– İsraildə elə fermalar var ki, orada hər inəkdən 40-45 litr süd alınır.
Prezident İlham Əliyev:
– Bilirəm.
İsrail şirkətinin əməkdaşı: Biz camışlarla da əlimizdən gələni etməyə çalışacağıq.
Prezident İlham Əliyev:
– Bəs hər camışdan orta hesabla nə qədər süd alınır?
İsrail şirkətinin əməkdaşı:
– Camışlarda bu, orta hesabla sağmal inəyin verdiyi məhsulun üçdə biri qədərdir. Bu, bir camış başına gündə 8-12 litr arasındadır.
Prezident:
– Aydındır. Camışlar İsraildən idxal olunacaq?
İnam Kərimov:
– İtaliyadan.

Göründüyü kimi, İsrail şirkəti fermanı yaradıb, Azərbaycana təhvil verəcək və bununla da onun işi bitmiş olacaq. Fermada yetişdirilən camışların südündən pendiri isə İtaliya şirkəti istehsal edəcək. Özü də söhbət adi deyil, dünyaca məşhur olan “Motsarella di buffalo” pendirindən gedir. Prezidentlə qeyd olunan görüşdə İtaliya şirkətinin nümayəndəsi bu barədə danışarkən deyib: “Süd ferması layihəsinin noyabr ayında istismara verilməsini istəyirdilər. Lakin ehtimal edirəm ki, fermanın daxilində yaşayış yerləri ilə birlikdə noyabr ayında bu, kifayət qədər tezdir. Lakin bunu biz nə qədər tez lazımdırsa edə bilərik. Bizim yenidənqurma işlərini aparmaq üçün bacarıqlarımız və tərəfdaşlarımız var”.
Layihə meneceri Cüzeppe Grisoliya isə qeyd edib ki, biznes ideyaları strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli mozarella (“Motsarella”), “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır: “Biz istehsal prosesinə öz təcrübə və biliyimizi gətiririk. Çünki cənab Prezident, bildiyiniz kimi, camış ”Motsarella”sı bütün dünyada istehsal olunur, istənilən ölkə həmin keyfiyyətə və səviyyəyə çatmağa cəhd göstərir. Lakin “Motsarella di buffalo” pendiri həmişə italyan məhsulu olaraq qalır. Südçülük sahəsində uğurun ən mühüm amili ondan ibarətdir ki, söhbət təkcə bizdə olan texnologiyadan, avadanlıqdan getmir, həm də pendir hazırlayanların əllərindən gedir. Çünki hər kəs bahalı avadanlıq ala bilər, amma yalnız bacarıqlı pendir hazırlayan bənzərsiz “motsarella” hazırlaya bilər. Bu səbəbdən də biz südçülük fermasını qurandan sonra tam təlim kursu keçəcəyik. Bu təlim sayəsində Azərbaycanda birinci nəsil bacarıqlı pendir hazırlayanlar yetişdiriləcək”.
Cüzeppe Grisoliya əsas hədəflərinin Azərbaycanda yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarət olduğunu söyləyib: “İstəyirik ki, Azərbaycan da İtaliya kimi mükəmməl ”Motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik”.
Onu da bildirək ki, İsraildə ağıllı fermalar çox olsa da, camış saxlanan yalnız bir ferma var. Bişaron moşavında (moşav – İsraildə kənd ərazilərində inzibati bölgü) yaradılan bu fermada İtaliyadan gətirilən camışlar saxlanılır. İtaliya demişkən, mosarella pendirinin vətəni olan İtaliyanın özünə camışları ərəblər 8-9-cu əsrlərdə Hindistandan gətiriblər. İlk vaxtlar camışlar yalnız yükdaşımada istifadə olunub. Lakin sonradan onun südünün inək, keçi, qoyun südünə nisbətən daha dadlı olduğunu görüb pendir, qatıq istehsalında istifadə etməyə başlayıblar. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətlidir. Qaramaldan fərqli olaraq camış südünün tərkibində yağ faizi çox yüksək, orta hesabla 8-12 faiz arasında olur. Camış südündə yağ faizi sağım dövrünün 3-cü ayından başlayaraq daha da yüksəlir. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 6-7, inək südü isə 3,5-4,5 faiz qəbul edilib. Çox nadir hallarda olsa da, bəzi təsərrüfatlarda südündə yağ faizi daha çox olan camışlara da təsadüf olunur. İnək südünün 22-24 litrindən 1 kiloqram yağ alındığı halda, bu qədər yağı 11-12 litr camış südündən əldə etmək mümkündür. Camışlar 300 günlük sağım dövründə, yemləmə və saxlama şəraitindən asılı olaraq, 700-1500 litr və daha çox süd verirlər. Camış südündə ona sarı rəng verən ferment olmadığına görə pendiri ağappaq olur. Camışları saxlamaq inəklərə nisbətən daha ucuz başa gəlir – camışlar ucuz başa gələn yemlə qidalanırlar. Bütün bunlara görə italyanlar camış pendirinin istehsalını getdikcə daha da təkmilləşdirərək indi qlobal səviyyədə xüsusi və üstün tamı ilə seçilən mozarella pendirləri ilə dünyanı fəth edə biliblər.
Camış südündən istehsal edilən mozarella İtaliyanın cənubundə 18-ci əsrin ikinci yarısından məşhurlaşmağa başlayıb. İkinci Dünya müharibəsi zamanı faşistlər buradakı camışları kütləvi şəkildə güllələyiblər. Bu heyvanların sayı yalnız müharibədən 10-15 il sonra əvvəlki həddə çatdırılıb.
Həm İsraildə, həm də İtaliyada camış fermaları ağıllı ferma üsulu ilə formalaşdırılıb və idarə olunur. Bəllidir ki, camış suyu çox sevən heyvandır. Suyu yalnız içməyi deyil, onda çimməyi də çox sevir. Uzun müddət suda çimməyən camışlarda təlaş, həyəcanlanma və aqressivlik yaranır. Buna görə də ağıllı fermalarda camışların yatdığı yerlərdə müntəzəm olaraq sulanan “döşəklər” olur. Eyni zamanda fermalar damcı sulama sistemi ilə təchiz edilir. Hər bir camışın xaltasında onunla bağlı bütün növ məlumatları daşıyan çip yerləşdirilir. Bu çiplər xüsusi kompüterlərə bağlı olur: hər gün camışdan nə qədər süd sağıldığı, südün tərkibinin analizinin nəticələri çipin yaddaşına ötürülür.
Camışlar həm də ən ağıllı heyvanlardan biri hesab olunur: onlara verilən adlara çox tez öyrəşirlər. Hazırda İtaliyadakı fermalarda camışları sağıma adları ilə çağırırlar. Sağım növbəsinə də onlar adlarının çağırılma sırasına uyğun dayanırlar. Bir kiloqram mozarella pendiri 4 litr süddən əldə olunur. İnəklərdə bu göstərici 7-8 litrə bərabərdir. Camış südündə süd şəkəri çox olduğu üçün dadı da şirin olur.
Son əsrlərədək ev heyvanı kimi camışlardan daha çox Cənub-Şərqi Asiyada, Hindistanda, Cənubi Çində istifadə olunub. Hazırda isə bu heyvanların sayı Cənubi Avropada, əlbəttə ki, İtaliyada daha çoxdur. İtaliyanın özündə isə ölkənin cənub əyalətləri camışçılıqda daha irəli gedib.
Azərbaycana camışların nə vaxt gətirildiyi dəqiq məlum deyil. Amma orta əsrlərdə ondan yükdaşıma, yer kotanlamada istifadə olunduğu mənbələrdə əksini tapıb. Müasir dövrdə sovet vaxtı bu heyvanların sayı çox olsa da, son 20 ildə iki dəfədən çox azalıb -140 min başdan 69,2 min başa qədər. Arada camışların sayı artıb 147 min başa çatsa da, 2010-cu ildən kəskin enmə müşahidə edilməkdədir. Hazırda ən çox camış Naxçıvandadır. Mətbuatda gedən məlumatlardan aydın olur ku, muxtar respublikada yerli camış növünün yetişdirilməsi işi aparılmaqdadır.
Zəngilanda yaradılacaq ferma Azərbaycanda ilk ixtisaslaşmış camış istehsalı müəssisəsi olacaq. İşğaldan azad olunan ərazilərimizdə suyun bol olması fermaların sayının artırılması üçün əlverişli imkan yaradır. Bu baxımdan, Zəngilandan sonra digər azad olunmuş ərazilərdə də belə fermaların yaradılması nəinki istisna deyil, hətta gözləniləndir. Bu isə o deməkdir ki, fars hakimiyyətinin bizim “çip”li camışlara alışmasına ehtiyac var…
Dünya SAKİT,
“Yeni Müsavat”

