Gənc ailələr bu problemin əlində əsir qalıb
Azərbaycanda məhkəməyə baş vuran gənclərin əsas arqumenti – sonsuzluq
Ailə quran insanlarda 1 il ərzində hamiləliyin baş tutmamasına sonsuzluq deyilir. Hər il təxminən cütlüklərin 15%-i hamiləliyin baş tutmaması səbəbindən müalicəyə ehtiyac duyaraq həkimlərə müraciət edirlər. Sonsuzluğun səbəbi hər iki tərəfdə ola bilər. Kişi sonsuzluğunun səbəblərinə gəlincə, bunlardan qazanılmış və anadangəlmə urogenital anomaliyalar, urogenital traktın infeksiyaları, endokrin pozğunluqlar, genetik anomaliyalar, immunoloji faktorları saymaq olar.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatları göstərib ki, sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən bütün dünyada 80 milyon insanın sonsuzluqdan əziyyət çəkdiyi qeydə alınıb. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır. ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir.
Rəsmi statistikaya görə, Azərbaycanda hər il pozulan nikahların təxminən 5 mini sonsuzluqdan əziyyət çəkən ailələrin payına düşür.
Həkimlər sonsuzluğun 2 yerə (qadın və kişi sonsuzluğu) ayrıldığını deyirlər. Modern.az-ın əməkdaşı Gültəkin Ələsgərin tibb müəssisələrindən əldə etdiyi məlumatlara görə, son illər Azərbaycanda kişi sonsuzluğu ilə yanaşı, qadın sonsuzluğu da artmaqdadır.
Azərbaycanda ailələrin övladsızlığının 40-50 faizi kişilərlə bağlıdır
Dünyada ailələrin övladsızlığının 30-50 faizi, Azərbaycanda isə 40-50 faizi kişilərlə bağlıdır.
Rəsmi statistikaya görə, Azərbaycanda hər il 14-29 yaşda olan gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinə görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı xeyli çoxalıb. Son üç ildə belə xəstələrin sayı 50 min nəfərdən çox olub. Azərbaycanlı kişilər arasında prostat vəzinin xəstəlikləri də çoxalıb ki, bu da cinsi fəaliyyəti zəiflədən səbəblər sırasına daxildir. Gənclər arasında sidik-cinsiyyət sisteminin xəstəliklərinin artması sonsuzluğu artıran faktorlardan biridir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 6281 boşanma faktı qeydə alınıb. Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas səbəbləri arasındadır. Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların sayı artıb. Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub. Azərbaycanda uşaqsız ailələrdə də boşanma halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.
Azərbaycanda 10 ildən çox sonsuzluqdan əziyyət çəkən ailələr üçün süni mayalanmanın pulsuz olacağı gözlənilir. Ölkədə sonsuzluqdan əziyyət çəkən və xüsusi sosial müdafiəyə ehtiyacı olan ailələrə ekstrakorporal – yəni süni mayalanma və embrionun köçürülməsi dövlət tibb müəssisələrində bir dəfə dövlət büdcəsi vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək. Bu “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd olunub ki, bu əməliyyatların pulsuz təşkili 10 ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.
Sonsuzluğu aradan götürən kəşflər
Kanadanın Kuinsi Universitetinin alimləri kişi sonsuzluğunun qarşısını almaq üçün zülal sintez ediblər. Spermatozoidlərin tərkibində olan PAWP zülalı yumurtalıqda embrionun yaranması üçün vacibdir. Spermatozoidlərdə həmin zülalın işləməməsi sonsuzluğa səbəb olur.
Embrion yaranmaması sonsuzluq formalarından biridir. Bu günə qədər kişi sonsuzğulunun qarşısını almaq üçün müxtəlif müalicə metodları mövcuddur. Statistikaya əsasən, bu müalicələrin yalnız 37%-i uğurla nəticələnir.
Alimlər ümid edirlər ki, yeni müalicə üsulu kişi sonsuzluğunun qarşısını daha yaxşı alacaq.
Bir-iki illik gözləmədən sonra süni mayalanmaya müraciət etmək olmaz
Bakıdakı özəl klinikalardan birində çalışan mama-ginekoloq Gülşən Nəsirovanın sözlərinə görə, əslində son illər sonsuzluq problemi ilə onlara müraciət edənlərin sayı artıb. Müsahibimiz bildirdi ki, sonsuzluq bir neçə hissəyə bölünür: kişi, qadın və qarışıq sonsuzluq: “Cütlüklər bu problemlə üzləşən kimi ilk növbədə qadın bütün müayinə və müalicələrdən keçir. Bunlar nəticə verməyəndə kişilər də həkim yolunu tutur. Şəhər yerində kişilərin bu faktı qəbul etməsi nisbətən asandır. Kənd yerlərində kişilər demək olar ki, həkimə getməkdən imtina edir. Adlarına söz qoşular deyə bəzən ailələrini belə dağıtmağa razı olurlar, nəinki həkimə getməyə”.
Müsahibimiz hesab edir ki, qadınlar bir-iki illik gözləmədən sonra süni mayalanmaya müraciət edir və bu, yanlışdır. Onun sözlərinə görə, öncə cütlüklər həkimi təbii mayalanmanın baş tutmamasının səbəbini araşdırmağa məcbur etməlidir: “Yəni bilinməlidir ki, təbii mayalanma niyə baş tutmayıb. Çünki təbii mayalanmanın baş tutmasına mane olan faktorlar süni mayalanmanın baş tutmasına da əngəl olacaq. Süni mayalanmaların 60-70 faizi baş tutmur. Buna səbəb təbii mayalanma zamanı ortaya çıxan problemlərin aradan qaldırılmamasıdır”.
Valideyn qızını yeniyetmə yaşından həkimə aparmalıdır
Mütəxəssislər eyni zamanda hesab edir ki, qız valideynləri 13-14 yaşından sonra il ərzində övladını ultrasəs müayinəsi etdirməlidir. Amma valideynlər qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxurlar. Belə olduğu halda, sonsuzluqdan əziyyət çəkən qızların sayı artır. Məlumat üçün bildirim ki, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur. Qızlar 14 yaşından başlayaraq ginekoloqun nəzarətində olmalıdırlar. Ginekoloqa getmək o demək deyil ki, həkim ona hansısa müdaxilələr edəcək. Sadəcə, həkim sual-cavab əsasında, USM vasitəsilə həmin uşaqda ginekoloji problemlərin olub-olmadığını müəyyən edə biləcək. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

