Məktəb və universitetlər açıldı: Yolda tıxac, metroda sıxlıq olmaması üçün nə etməliyik?
Məktəb və universitetlərin açılması, bir sıra karantin qadağalarının növbəti dəfə yumşaldılması insanların aktivliyini yenidən artırıb. Bu da xüsusilə günün pik saatlarında paytaxtın küçə və prospektlərində tıxacların, eyni zamanda, metroda sərnişinləri arasında sıxlığın yaranmasına səbəb olub.
Bəs hazırkı vəziyyəti normallaşdırmaq üçün hansı zəruri tədbirlər görülməlidir? Sözügedən problemin həllində məsuliyyət kimlərin üzərinə düşür?
Hüquqşünas Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, problemin həllinə nail olmaq üçün köklü tədbirlər görülməlidir: “İlkin olaraq, ictimai nəqliyyat sahəsini inkişaf etdirməli və şəbəkələşdirilməliyik. Bunun üçün sərmayə qoyulması, sahibkarlar üçün yaxşı mülk yaradılması, insanların ictimai nəqliyyata marağının artırılması istiqamətində müvafiq işlər görülməlidir. İctimai nəqliyyat inkişaf etməsə, digər tədbirlərin o qədər də əhəmiyyəti yoxdur.”

Təhsil müəssisələri bağlı olduğu dövrdə küçə və prospektlərdə tıxac olmurdu
Mütəxəssisin sözlərinə görə, paytaxtdakı bəzi məktəblərin daha prestijli hesab edilməsi səbəbindən şəhərin bir tərəfindən digər tərəfinə şagirdlərin daşınması geniş yayılıb: “Məsələn, Sulutəpə və Hökməli qəsəbəsində normal pedoqoji heyəti, kommunal şəraiti olan məktəb yoxdur ki, sakinlər övladlarını həmin məktəblərə aparsınlar. Səhər saatlarında yolları yükləyənlərin əsas hissəsi Sulutəpə, Hökməli, Masazır və s. yerlərdən şəhərin mərkəzindəki məktəblərə uşaqlarını gətirməyə məcbur olan valideynlərin avtomobilləridir. Nəticədə isə günün pik saatlarında tıxac şiddətlənir. Ona görə də həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər olmalıdır ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın.”
Ə.Hüseynov xatırladıb ki, təhsil qurumları elə etməlidirlər ki, məktəblərdə təhsil standartlarına uyğun zəruri pedaqoji heyət olsun, tədris prosesi elə təşkil olunsun ki, valideynlər övladlarını yaşadıqları ünvana yaxın məktəbə qoysunlar: “Təmayüllü və özəl məktəblərdə isə şagird kontingentinin, müəllimlərin gəlib-getməsini ictimai nəqliyyat və yaxud da məktəb avtobusları ilə təşkil etmək olar ki, daşınma üçün şagirdlər və müəllimlər fərdi avtomobillərə yox, avtobuslara üstünlük versinlər”.
Hüquqşünas vurğuladı ki, məktəbə fərdi avtomobillə uşaq gətirməyə məcbur olan valideynlər çox diqqətli olmalıdırlar: “Valideynlər işlərini elə planlaşdırmalıdırlar ki, məktəbin yaxınlığında yalnız uşağı düşürmə və mindirmə üçün dayansınlar. Əks halda, gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq. Bir sözlə, məktəblərin ətrafında dayanma, durma və parklanmala qaydalarına düzgün əməl olunmalıdır.”

Gündəlik xəttə çıxan avtobus sayı və avtobuslar arası interval sərnişin axınına uyğun olaraq tənzimlənir
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, pandemiya ilə bağlı ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir. Bu da onsuzda dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır: “Əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb. Təbii ki, bundan əlavə tıxacın yaranmasına səbəb olan bir sıra digər amillər də var. Bunlara qanunsuz parklanma, yol ayırıcılarının keçmə qaydasının pozulması, avtobus dayanacaq məntəqələrinin zəbt edilməsi, qanunsuz sərnişin daşımalarının mövcudluğu, yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən də “butulka effektləri” daxildir. Səbəblər sırasında gün ərzində baş verən yol nəqliyyat hadisələrini, nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalması hallarının çoxluğu da var.”
M.Ağayevin sözlərinə görə, yeni tədris ilinin başlanması ilə əlaqədar Agentlik tərəfindən əsas ictimai nəqliyyat dəhlizləri olan küçə və prospektlərə nəzarət artırılıb: “Mütəmadi olaraq pik saatlarda svetoforlarda yaşıl dalğa tətbiq edilir. Həmçinin, qanunsuz parklanma hallarına nəzarət də artırılıb. Bununla yanaşı, problemli yol sahələri ilə bağlı yeni layihələrin işlənməsi, insanların şəxsi minik avtomobillərindən imtinasının stimullaşdırılması üçün alternativ nəqliyyat növlərinin, o cümlədən ictimai nəqliyyatın inkişafı və müntəzəm sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrinin yollarda üstünlüyünün təmin edilməsi istiqamətində də layihələrinin hazırlanması və icrası işləri davam etdirilir. Bu çərçivədə bildiyiniz kimi, avtobus zolaqları təşkil edilir.”
Müsahibimiz xatırladıb ki, son günlər müşahidə olunan vəziyyət zolaqların artırılması və bir şəbəkə formasında təşkilinin zərurililiyini göstərir: “Eyni zamanda, digər avtomobil sürücülərinin bu zolaqların tələbinə riayət etməsinə nəzarət də gücləndirilməlidir. Bu həm gün ərzində iki milyon yarımdan çox ictimai nəqliyyat istifadəçisinin rahatlığı və tıxacda qalmaması həm də şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından vacibdir.”
Həmsöhbətimiz vurğulayıb ki, gündəlik xəttə çıxan avtobus sayı və avtobuslar arası interval sərnişin axınına uyğun olaraq tənzimlənir. Yeni tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən sonra Agentlik tərəfindən bütün daşıyıcı şirkətlərə xəbərdarlıq məktubu göndərilmiş və onların qarşısında bir sıra tələblər qoyulmuşdu. Tələblər isə ondan ibarət idi ki, həm sentyabrın 22-dən, həm də ayın 29-dan ənənəvi təhsilin bərpası ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması, eyni zamanda, sərnişin axınına uyğun olması üçün xəttə çıxan avtobusların sayına və marşrutlararası intervala xüsusi diqqət edilsin.
Tıxaclardan bezən, gedəcəyi ünvana daha tez çatmaq istəyənlər xüsusilə bu dönəmlərdə metroya daha da çox üstünlük verirlər. Bu da metro istifadəçilərinin sayının artmasına, sıxlıq yaranmasına səbəb olur. Maraqlıdır, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tıxaclardan qaçan sərnişinlərin metroda da sıxlıqla üzləşməməsi üçün hansı tədbirlər görürlər?
2 dəqiqəlik hərəkət qrafiki texniki cəhətdən mümkün olan ən aşağı intervaldır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “İki sahil”ə açıqlamasında qeyd edib ki, artıq məktəb və ali təhsil ocaqlarında ənənəvi təhsil başlayıb. Nəzərə alsaq ki, metropolitendə sərnişin kontingentinin əhəmiyyətli qismini məktəblilər, tələbələr təşkil edir. Bu səbəbdən bir neçə gündür ki, metroda sıxlıqlar müşahidə olunur: “Hazırda metropolitenin hərəkət qrafikində mümkün olan bütün tədbirlər görülüb. Bundan sonra da mütləq qaydada yoxlama-nəzarət mexanizmləri, monitorinqlər davam etdiriləcək. Bu tədbirlər sadəcə olaraq, qatarların hərəkət intervalına aid edilmir. Eyni zamanda, bütün stansiyaların infrastrukturu, stansiya xüsusiyyətləri nəzərə alınmaqla sərnişinlərimizin axın istiqaməti, sıxlıq həddi və digər bu kimi məsələlərin hər biri xüsusi öyrəniləcək və gələcəkdə də ona uyğun mümkün tədbirlərin hamısı həyata keçiriləcək.”
B.Məmmədov vurğulayıb ki, sentyabrın 20-dən metropoliten optimal hərəkət qrafikində də müvafiq sıxlaşmalar aparıb: “Bu isə o deməkdir ki, hərəkətin pik saatlarında qatarlar arasında interval “Həzi Aslanov” və “İçərişəhər” istiqamətində, eyni zamanda, əksinə olmaqla 2 dəqiqəyə bərabər olur. Metropolitenin yaşıl və qırmızı xətləri “28 May”stansiyasında kəsişərək birləşir. Bu isə o deməkdir ki, “28 May” -“İçərişəhər”, “28 May”- “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı iki dəfə artıq olur. Pandemiya şəraiti davam etdiyindən Bakı Metropolitenində bütün texniki tədbirlər həyata keçirilib. 2 dəqiqəlik hərəkət qrafiki də məhz texniki cəhətdən mümkün olan ən aşağı intervaldır. Gün ərzində ehtiyat qatarlara zərurət yaranarsa, onlar da xəttə buraxılacaq.”
Qurum rəsmisinin sözlərinə görə, metropolitendə sanitar –gigiyenik normaların tələblərinə də xüsusi nəzarət mexanizmləri var: “Belə ki, sərnişin sayından asılı olmayaraq sanitar-gigiyenik normaların tələblərinə əməl olunması ən optimal səviyyədə saxlanılır. Bununla belə bundan sonrakı dövrdə də mütləq qayda da hər bir stansiyanın xüsusiyyəti nəzərə alınmaqla dezinfeksiya işlərindən tutmuş digər sanitar gigiyenik tədbirlər qədər bütün məsələlər nəzarətdə saxlanılacaq, bütün zəruri tədbirlər görüləcəkdir.”

