Əsas səhifə 

İşğaldan azad edilmiş ərazilərimizin zəngin resursları dayanıqlı inkişafa böyük töhfələr verəcək

Dövlət başçısı İlham Əliyev bütün nitq və müsahibələrində ölkəmizdə normal biznes mühitinin mövcudluğundan, Vətən müharibəsində tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olmasından geniş bəhs edir. Prezident bu əminliyi də ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişafa böyük töhfələr veriləcək.

Qeyd edək ki, 2003-cü ildən bu günədək ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq səviyyədə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bununda böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Hər il Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilir, görülən işlərə yekun vurularaq, növbəti ildə qarşıda duran vəzifələr və onların həlli yolları açıqlanır. Dövlətimizin başçısı İlham Əliyev proqramların icrası nəticəsində ilk növbədə regionlarda müasir infrastrukturun yaradıldığını qeyd edir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Bildirir ki, atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amilin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, aqrar sektorda ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq.» Bu nam da ifadə edilir ki, gələcəkdə daha da böyük işlər görüləcək.” 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır.

Artıq dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparılıb. Həmin bölgüyə əsasən 14 iqtisdi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq.

Bugünkü gündə hər kəsi maraqlandıran suallardan biri işğal olunmuş ərazilərin azad edilməsinin Azərbaycan iqtisadiyyatına nə vəd etməsidir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər», həmçinin iqtisadi rayonların bölgüsünün yenidən həyata keçirilməsi həmin bölgələrin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır.

Daha çox xəbərlər