Atılan addımlar öz bəhrəsini verir – Böyük Qayıdış
Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımızın misilsiz birliyi və ordumuzun rəşadəti, yüksək döyüş ruhu 44 günlük ədalətli Vətən müharibəsində Azərbaycana möhtəşəm Zəfər qazandırdı. Rəşadətli ordumuz təcavüzkar Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Qarabağı yağı düşməndən təmizlədi və işğalçı ölkəni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Tarixi ədalət bərpa olundu.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimiz böyük Zəfərin sevinc və təntənəsini yaşayır. Qarabağda və Şərqi Zəngəzurda başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. İşğaldan azad edilmiş ərazilərdə dövləti başçısının dediyi kimi, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. İlk növbədə bütün kommunikasiyaların, nəqliyyat magistrallarının açılması məsələsini həll etmək, yeni yollar inşa etmək istiqamətində genişmiqyaslı layihələr uğurla icra olunur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan. Zəfər yolunda artıq son tamamlama işləri aparılır. Bununla yanaşı, Bərdə-Ağdam avtomobil yolu tikilir. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları çəkilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bundan başqa, dövlət başçısının dediyi kimi, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Təbii ki, strateji və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Qarabağ tarixən geniş və münbit torpaq sahələrini əhatə edib. Bu baxımdan bölgənin digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, çoxşaxəli aqrar potensialı var. Bu iqtisadi rayonda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, arıçılıq meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün yetərincə imkanlar mövcuddur. Ənənəvi sahələrlə yanaşı, bölgədə kartof, tərəvəz, bostan və yem bitkiləri əkinlərinin genişləndirilməsi imkanları da böyükdür. Prezidentimiz daim vurğulayır ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır: “Hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir? Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”.
İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə səlahiyyətli dövlət orqanlarının rəhbər şəxslərindən ibarət formalaşdırılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupunun məlumatına görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun azad olunmuş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bugünə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur. Sahələrdə şəkər çuğunduru yığımı davam edir.
Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri gündən-günə sürətlənir və geniş vüsət alır. Görülən bütün işlər xalqımız tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır və dəstəklənir.

