Gündəm 

2020-ci ilin 1 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

 Vətən müharibəsinin beşinci günü

Saat 01:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbərini yayıb. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutmuşdur.

Saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olmuş, avtovağzala ciddi ziyan dəymişdir.

Saat 11:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayımlamışdır. Ötən gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir.

Ermənistan tərəfi Lələtəpə yaxınlığında Azərbaycan Ordusuna məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə məlumat yayımlamış, lakin Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, həyata keçirilən əməliyyatlar nəticəsində Ermənistan ordusu ağır itkilər verərək, geri çəkilməyə məcbur olmuşdur.

Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini Azərbaycan Ordusunun bölmələrinin artilleriya atəşinə məruz qalması və ağır yaralı olaraq sıradan çıxarılması nəticəsində hərbi hissə komandirinin yerinə 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılan, 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorq Manqalaryan təyin edilmişdir.

Saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olmuş, yaşadıqları evə külli miqdarda ziyan dəymişdir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusu tərəfindən işğal altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilmişdir.

Saat 15:40 radələrində Ermənistan tərəfi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumat yayımlamışdır. Bir neçə dəqiqə sonra isə Vaqif Dərgahlı bugünkü döyüşlərdə döyüş təyyarəsi və helikopterlərin tətbiq olunmadığını bildirərək, yayılmış məlumatın dezinformasiya olduğunu açıqlamışdır.

Saat 16:35 radələrində Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlamışdır. Xocavənd ərazisindəki toqquşmaları işıqlandıran “Le Monde” qəzetinin iki fransız jurnalisti Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanmışdır.

Saat 17:50 radələrində Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutmuşdur.

Saat 23:00 radələrində isə Ermənistan tərəfi Azərbaycan Ordusunun Nərimanlı və Böyük Məzrə kəndlərini atəşə tutması barədə məlumat yayımlamışdır. İran mediasının verdiyi məlumata əsasən, Ermənistan ordusunun atdığı raketlər Cənubi Azərbaycanın Pərvizxanlı kəndinə düşmüş, bir mülki şəxs yaralanmış, altı ev və bəzi nəqliyyat vasitələri zərər görmüşdür.

Daha çox xəbərlər