Avrasiya yeni logistik və iqtisadi əsaslarda birləşəcək – Zəngəzur dəhlizi
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün əhəmiyyətini daim vurğulayır. Ölkə başçısı bildirir ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Buna görə də Ermənistan istəsə də, istəməsə də bu dəhlizi açılacaq : “İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Vaxtilə Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi ilə türk dünyası parçalanmışdır. Bu gün Zəngəzur dəhlizinin açılması türk dünyasının yenidən coğrafi birləşməsidir. Bu baxımdan dövlətimizin başçısı dəhlizin əhəmiyyətini hələ 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Ölkə başçısı qeyd etmişdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq.
Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirmişdi ki, müharibə başa çatdı, münaqişə tarixdə qaldı: “Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
44 günlük Vətən müharibəsindən sonra qədim Azərbaycan torpağı olan Zəngəzur vasitəsilə yeni dəhliz yaranmaqdadır. Bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, eləcə də Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan Muxtar Respublikası vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Həm də Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə Orta Asiya isə Avropa ilə birləşir. Bu dəhlizin reallaşdırılması ilə Naxçıvan beynəlxalq logistika qovşağına çevriləcək. Bütövlükdə Zəngəzur dəhlizi Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qazaxıstanlı iqtisadçı-ekspert Saparbay Jubayev Zəngəzur dəhlizinin Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcəyini bildirir. Jubayev qeyd edir ki, Qazaxıstanın tranzit yolu Zəngəzur dəhlizi ilə şaxələndirilə bilər. Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev isə vurğulayıb ki, Azərbaycan ilk növbədə bütün kommunikasiyaların, nəqliyyat magistrallarının açılması məsələsini həll etmək, yeni yollar inşa etmək üçün ciddi səy göstərir: “Azərbaycan bu məsələləri həll etməyə çalışır və Ermənistanla konstruktiv dialoqa açıqdır. Ümid edirəm ki, gələcəkdə Cənubi Qafqaz üçün səmərəli olan və həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda inteqrasiya layihələri reallaşdırılacaq. Məhz buna görə ölkəmizin rəhbərliyi “Mərkəzi Asiya – Cənubi Qafqaz (5+3)” regionlararası platformasının yaradılmasını təklif edib. Bu platforma siyasi, iqtisadi və mədəni-humanitar sferalarda inteqrasiya layihələrinə təkan verəcək”. Səfir, həmçinin qeyd edib ki, “5+3” regionlararası platformasının əsasında layihələrin reallaşdırılması Çin, Türkiyə və İran kimi qonşular üçün də yeni imkanlar açacaq:
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə Rusiya dövlət başçısı Vladimir Putinlə Soçi görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. Qardaş ölkənin lideri, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq: “Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

