Əsas səhifə 

Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur

Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq tarixi ədaləti bərpa etdi. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra Azərbaycan regionda yeni reallıqların yarandığını bildirərək “3+3” əməkdaşlıq formatı təşəbbüsünü irəli sürüb və Ermənistanın da bu formata qoşularaq yeni yaranmış əməkdaşlıq mühitindən faydalana biləcəyini bəyan edib. Bununla yanaşı, Azərbaycan Ermənistana sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib, regionda kommunikasiyaların açılması üçün zəruri tədbirlər görüb. Lakin Ermənistan həmişəki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirərək bu təşəbbüslərə müsbət cavab verməkdən imtina edir və regionda sülhün bərqərar olmasına əngəllər yaradır. Artıq münaqişə bitib, Azərbaycan yeni reallıqlar yaradıb və bu reallıqları beynəlxalq birlik qəbul edir və tanıyır. İyul ayında ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məsələ ilə bağlı dedikləri bunun əyani təsdiqidir: “Bakıda Dağlıq Qarabağla bağlı postkonflikt planı və savaşın fəsadlarının aradan qaldırılmasını, habelə regionda uzunmüddətli sülhün bərqərar olmasını nəzərdə tutan postkonflikt ideyaları müzakirə etdik. Gürcüstanın vasitəçiliyi ilə minalanmış ərazilərin xəritələrinin Bakıya verilməsi və Bakının da erməni hərbçilərini Ermənistana təhvil verməsi kimi tərəflərin ilk aşkar qarşılıqlı fəaliyyətinin şahidi olmağımızı çox mühüm hesab edirik”.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda təqdim olunan çıxışında bir daha vurğuladı ki, bundan sonra beynəlxalq təşkilatlar Azərbaycanın inzibati ərazi vahidləri ilə bağlı danışarkən bu zaman yeni reallıqları qəbul etməlidirilər və artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dövlətimizin başçısının Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın müddət ərzində müxtəlif yollarla münaqişəni dondurmaqla məşğul olub, problemin həllində heç nəyə nail olmayıb. Bu gün artıq münaqişə geridə qalıb, Azərbaycan 44 günlük Vətən müharibəsində özü bu məsələni həll edib, işğal altında olan torpaqlarını azad edib və bu tarixi Zəfəri ilə regionda yeni reallıq yaradıb. Bu mənada Ermənistan artıq ərazi iddialarına son qoymalı, sülh və əməkdaşlıq yolunu seçməlidir. Azərbaycan bu əməkdaşlığa hazırdır.

Dövlətimizin başçısı sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində bir daha vurğulayıb ki, Azərbaycan münaqişənin həll olunduğunu hesab edir. Artıq keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq: “Artıq müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”. Prezident İlham Əliyev həmçinin əlavə edib ki, Dağlıq Qarabağa muxtar statusun verilməsi məsələsi artıq danışıqlar mövzusu deyil. O, Ermənistanı və Minsk Qrupunu bu yeni reallığı qəbul etməyə çağırıb.

Bəli, artıq müharibə bitib. Dağlıq Qarabağ adlı münaqişə, Dağlıq Qarabağ məfhumu tarixə qovuşub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə bu səhifə çevrilib. Bu səhifənin yenidən geri çevrilməsi üçün göstərilən bütün cəhdlər əbəsdir.

Daha çox xəbərlər