Cəbhədən Xəbər 

2020-ci ilin 2 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin altıncı günü

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir.

Saat 00:00-dan 07:00-dək Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulmuşdur. Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmağa davam etməsi nəticəsində rayonun Bala Kəngərli kənd sakinləri, mülki vətəndaşlar Rəhimova Aybəniz Nizami və Rəhimova Gülnarə Fabir qızı xəsarət almışdır. Saat 11:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlamışdır. Ermənistan ordusu Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş ərazilərdən isə Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutmuşdur. Həmçinin Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalmışdır.

Saat 13:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikalarının məhv edilməsini göstərən video yayımlamışdır. Nazirlikdən verilən məlumata görə, Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılmışdır. Saat 14:00 radələrində Ermənistan tərəfi Azərbaycan Ordusunun Xankəndi şəhərini bombaladığını açıqlamışdır. Təxminən bir saat sonra Azərbaycan tərəfi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımlamışdır.

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutmuşdur. Saat 17:50 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlamışdır.

Daha çox xəbərlər