Nənəsi Samirin xəyallarından danışarkən
21 sentyabr 2021 ci ildə Ələkbərli Samir Şamil oğlunun evində oldum və ailsənin göz yaşları və qəmli gözləri insanı başqa bir aləmə aparırdı . Nənəsi Samirin xəyallarından danışarkən gözlərindəkini yazsam bəlkə də cümlələr çatmaz onu danışmağa. Amma Samirin ailsənin ayaqda bir qürürlu dayanışı var . Bilirsiniz o qürürlu davranış nəydi . Samirin 30 illik torpaq həsrətinə son qoyması idi .
Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.
Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.
Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.
Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!
Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.
İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.
Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.
Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.
Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.
Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.
Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.
Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.
Bir əsgərin dilindən
Haqqını halal et mənə
Bəlkə getdim, qayıtmadım.
Son şeirdir yazdım sənə
Bəlkə getdim, qayıtmadım.
Tam vaxtıdır getmək üçün,
Düşməni məhv etmək üçün,
Qeyrətini çəkmək üçün,
Bəlkə getdim, qayıtmadım.
Getməliyəm, demə getmə,
Kişinin borcudur getmək,
Gəlməyimə ümid etmə
Bəlkə getdim, qayıtmadım.
Yaddaşlarda qalım gərək,
Vaxtdır, zəfər çalım gərək,
Mən də şəhid olum gərək,
Bəlkə getdim, qayıtmadım.
Dik tut hər zaman başını
Yad görməsin göz yaşını
Hazır elə baş daşımı,
Bəlkə getdim, qayıtmadım.
Qarabağa gedir bu yol,
Dua elə mənə bol-bol.
Qurban olum, muğayət ol
Bəlkə getdim, qayıtmadım.
Ağlama, gözəl sevgilim,
Dua elə qoy tez gəlim,
Bəlkə qayıtdım, nə bilim,
Bəlkə getdim, qayıtmadım.
Əslən Şuşadan olan Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur. Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

