Eskişehirdə “Zəfər Qardaşlığı” adlı tədbir təşkil olunub
Azərbaycan Diasporuna Dəstək Fondunun və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində “Zəfər Qardaşlığı” adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “İki sahil”ə bildiriblər ki, tədbirdə Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Anar Axundov, Anadolu Universitetinin rektoru professor Fuat Erdal və Türkiyə Böyük Millət Məclisinin Eskişehir üzrə millət vəkili Metin Nurullah Sazak çıxış ediblər. Natiqlər “Bir millət, iki dövlət” olan Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən, Vətən müharibəsində rəsmi Ankaranın və türk xalqının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəkdən, şəhidlərimizin və qazilərimizin Qarabağı düşmən tapdağından azad etməklə qəhrəmanlıq dastanı yazdıqlarından, ölkələrimizin daha neçə Zəfərlərə doğru birlikdə irəliləyəcəklərindən danışıblar.
Tədbir zamanı Eskişehir Azərbaycanlılar Dərnəyinə, yerli EsTV-də yayımlanan “Üççizgi” proqramına dəstəklərini əsirgəməyən və əməkdaşlıq edən qurumların təmsilçilərinə təşəkkür plaketləri təqdim olunub.
Tədbirin bədii hissəsində milli musiqilər səsləndirilib və Azərbaycan rəqsi nümayiş etdirilib.
Qeyd edək ki, 2010-cu ildə yaradılan Eskişehir Azərbaycanlılar Dərnəyinin əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan tarixini və mədəniyyətini təbliğ etməkdir.

