Dövlətə xəyanət edənlər qanunla cəzalanır, nifrətlə xatırlanır, tarixin lənəti ilə damğalanır
Çağdaş dövrdə xarici xüsusi xidmət orqanlarının fəaliyyətləri üçün münbit şərait mövcuddur. Texnologiyanın, sosial şəbəkələrin yaratdığı imkanlar burada ciddi rol oynayır. Məsələn, Facebook sosial şəbəkəsində istənilən feyk hesabla qeydiyyatdan keçib, yalan məlumatlar yaymaq, naşı və hazırlıqsız insanları etnik, dini, sosial qarşıdurmalara çağırmaq, bir sözlə, təxribata sövq etmək çox asandır. Müasir texnologiyaların fərdlər üçün yaratdığı böyük üstünlüklə yanaşı, onun cəmiyyətlər, dövlətlər üçün ciddi problem ortaya çıxardığı da danılmazdır.
Ona görə də sosial şəbəkələrdə vətəndaşlarımızın ölkə ərazisində ayrı-seçkilik salanların təsiri altına düşməkdən çəkinmələri lazımdır. Hər çağırışa, hər sosial şəbəkə istifadəçisinə inanmaq, orada deyilənləri, yazılanları həqiqət kimi qəbul etmək böyük yanlışlıq olardı. Bu çağırışları edənlərin hesablarına baxmaq, onların kimliyinin nə qədər doğru olub-olmadığını daim araşdırmaq lazımdır. Bunun üçün isə diqqətli adama 3-4 dəqiqə kifayət edər.
DTX-nin son tədbirləri göstərir ki, bu proseslərin arxasında düşmənin məkri, Azərbaycanı istəməyən qüvvələrin təsiri altında olan ünsürlərin mənfur niyyətləri, əməlləri durur. Xatırladaq ki, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsi müəyyən edilib və məlum olub ki, o, Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa razılıq verib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq cinayətkar əməllərinin qarşısı alınıb.

Aydın Zəkiyevin sosial şəbəkə hesabları araşdırılsa, onun hansı növ çağırışlar etdiyi məlum olacaq. Onun təsiri altına düşən şəxslərin olması da aşkar ediləcək. Hazırda sosial şəbəkələrdə xalq, dövlət, din, sosial problemlər və s. populyar, qulağa yatımlı mövzularda çağırış edənlərin bəzilərinin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri istisna edilmir. Onların jurnalist, müxalifətçi, blogger, insan haqları müdafiəçisi, mühacir siyasi fəal və s. adlar altında pərdələnərək, özlərinə beynəlxalq və ölkədaxili ictimai müdafiə zirehi əldə edib Azərbaycana, ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğul olmaları məlumdur. Belələrinə qarşı qununun ən sərt dili ilə danışılmalıdır. Xəyanət yolu tutanlar bağışlana bilməz.

Bunu bizdən təkcə qanunlar tələb etmir. Vətən, dövlət, xalq yolunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhu da bunu bizdən, dövlətin aidiyyatı qurumlarından tələb edir. Erməni işğalçılarına qarşı döyüşlərdə canından keçmiş 3 minə yaxın şəhidimiz qarışısında mənəvi borclarımızdan biri də düşmənə satılmış bəzi dönüklərə qarşı amansız davranmaqdır. Azərbaycan xalqı da belələrinə qarşı son dərəcə güzəştsizdir. İndiyədək dövlətə xəyanət yolu tutmuş kiməsə ictimai rəğbətin olduğunu xatırlamaq mümkün deyil.
Hamı öz payını alır – həm dövlətin qanunları ilə cəzalanır, həm xalqın nifrəti ilə, həm də tarixin lənət damğasıyla!
Musavat.com

