Düşmənin başına mərmilər yağdıran tank komandiri
Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatında qorxmaz, dəmir iradəli, mübariz oğullardan biri də şəhid Ruslan İbadlıdır. Ruslan əməliyyatın ilk anlarında tabeliyində olan tank bölüyü ilə Füzuli istiqamətində düşmən sədlərini ilk yarıb keçən tank komandirlərindəndir.
“ARANTV.AZ xəbər verir ki, Biləsuvar rayonundan olan 25 yaşlı gizir Ruslan İbadlı həqiqi hərbi xidmətini başa vurduqdan bir ay sonra yenidən müddətdən artıq qulluqçu kimi hərbi xidmətə qayıdıb. Uşaq yaşlarından böyük maraq göstərdiyindən tankçı ixtisası üzrə kurslara qatılaraq bu sahəyə yiyələnib. Təlimlərdən daim qalib çıxan Ruslan çox keçmir ki, Aprel döyüşlərində yağılara öz hünərini göstərir. O, gizir rütbəsi ilə təltif olunur.
Səbirsizliklə gözlədiyi Vətən müharibəsi başlayanda isə döyüşə ilk atılanlardan olub. “Füzuli-Cəbrayıl istiqamətlərində döyüşürdü. Yuxarı Mərcanlıda tankı vurulub. Döyüşçü yoldaşları deyirlər ki, Ruslan öz qisasını özü alıb və şəhidlik zirvəsinə ucalıb. Mən elə onunla təsəlli tapıram. Vətən sağ olsun, – deyə şəhid atası Sakit İbadov bildirib.
Şəhidin yaxın qohumu Taleh Cəfərbəyli Ruslan haqqında danışarkən deyib: “Onun şücaəti, fəallığı müharibənin ilk dəqiqələrindən hiss olunurdu. O, düşmənin illər boyu qurduğu müdafiə xəttini yararaq erməniləri böyük itkiyə məruz qoydu. Növbəti döyüşlərin birində isə özü də qəhrəmancasına şəhid oldu. Ruslan İbadlı qəhrəmanlığı ilə gənclərə bir nümunədir”.
Doğulduğu Nəsimi kəndində dəfn olunan şəhid tank komandiri gizir Ruslan İbadlının döyüş rəşadəti yüksək qiymətləndirilib. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

