İnsanlığa atılmış raketlər…
Gəncəyə hücumların ildönümünə
Gecələr yuxularımız ərşə çəkilmişdi, səhərlər həyəcanla açılırdı.
Barmaqlarımız tez-tez mobil telefonun həssas ekranından, qızarmış gözlərimiz “vpn” hesabına sürünə-sürünə internet gələndə yenilənən xəbər portallarından, telekanallardan hesab sorurdu. Uşaqlı-böyüklü, cavanlı-qocalı, kişili-qadınlı eyni mövzuda danışırdıq, eyni mövzuda düşünürdük hamımız – Cəbhədə vəziyyət necədir, görəsən? Ordumuz irəliləyə bilirmi? Neçə şəhid verdik? On milyonluq xalq bir amal uğrunda bir bədəndə nəfəs alan bir cana, bütöv Azərbaycana çevrilmişdi, hər kəs ön və ya arxa cəbhənin əsgəriydi. İllərdir içimizdə ölməyə qoymadığımız öləzimiz ümidlərimiz birdən-birə cücərməyə, boy atmağa, çiçəkləməyə başlamışdı. Azad edilən hər qarış torpaq xəbərinə sevinc göz yaşı axıdır, cəbhədə can qoyan cəsarətli, rəşadətli oğullarımız, böyük sərkərdəmiz, Ali Baş Komandanamız üçün dualar edirdik!

… 2020-ci il oktyabrın 4-ü səhər saat 10 radələri idi. Şiddətli partlayış səsindən 30 ilə yaxın didərgin qardaşına, yurddaşına qucaq açmış, dərdinə şərik olmuş Gəncənin düz böyründə torpaq, Vətən həsrətli Xocalı, Laçın, Şuşa, Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 600 nəfərlik “qırmızı qəsəbə” “dik atıldı”, yer titrədi, pəncərələrin şüşələri cingildədi, səhər yeməyi üçün başına yığışdığımız masada qablar yer dəyişdirdi! Və özümüzə gəlməmiş ikinci partlayış baş verdi! Tam da müharibənin ilk günlərinin həyəcanı içində narahat, yaşlı valideynlərimə baş çəkmək, ürək-dirək vermək, qohumlarla görüşmək üçün getdiyim Gəncədən qayıtmaq ərəfəsindəydim – yüküm hazır idi, yemək yeyə-yeyə sağollaşırdım yavaş-yavaş. Nə baş verdiyini anlamadığımızdan hamımız çaşdıq, uşaqlar, qadınlar bir anlıq qorxdular, əllər telefonlara sarıldı, gözlər internetdə, televiziya kanallarında xəbər axtarmağa başladı…

Birinci Qarabağ müharibəsinin bütün ağrı-acılarını görmüş atamın təmkini məni də özümə gətirdi. “Qorxmayın, boş şeydir, narahat olmayın. Şərəfsizlər atdılar, ancaq bizimkilər göydə vurdu, göydə vurulanda gördüm!” dedim, onları sakitləşdirmək üçün yalan danışdım. “Uşaqlarım Gəncədədir, telefonlarına zəng edirəm götürmürlər. Deyirlər, Gəncəni vurublar, ölənlər var!” – deyə, naləsi tükləri biz-biz edən, şivən qoparmış qonşunu – xalam qızını da eyni yalanla sakitləşdirdim. Ancaq az sonra şəhərdən yüksələn qara tüstünü hamı görürdü…
Və rəsmi xəbərlər gəlməyə başladı: “Ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.”

“Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.”
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda, hətta ağır artilleriyanın səsinin yetişə bilməyəcəyi qədər uzaqda, dinc insanların yaşadığı şəhərə edilən ilk, təəssüf ki sonuncu olmayan ciddi hücum idi. Bu hadisənin sabahı gün, yəni oktyabr ayının 5-də, daha sonra 8-i, 11-i və 17-də Gəncə şəhəri yenidən Ermənistan Silahlı Qüvvələri tərəfindən raket və ağır artilleriya hücumuna məruz qaldı, nəticədə içərisində uşaqlar və qadınlar da olmaqla 26 nəfər günahsız dinc sakin şəhid oldu, 175 nəfər yaralandı. Qədim Gəncənin sinəsində yaralar açıldı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Bəs sonra nə oldu?

O oldu ki, növbəti erməni vandallığını, vəhşiliyini, insanlıq dramını, insanlığa atılmış raketləri dünya sadəcə seyr etdi!..
O oldu ki, rəşadətli Azərbaycan Ordusu düşmənin cavabını döyüş meydanında layiqincə verdi, bütün şəhidlərimizin qisasını artıqlaması ilə aldı!..
…“Bəlkə heç olmasa uşaqları..?” Baxışlarından anladım ki, heç biri Gəncəni tərk etməyəcək! Heç kim Gəncəni tərk etməyəcək!

Mahir Rəsuloğlu, “İki sahil”
P.S. İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

