Sosial 

10 ay sonra ailəsinə dönən şəhidin qol saatı – Vüsal Vəliyevin hekayəsi… (FOTOLAR)

Onu gəzdirən əsgər şəhid olsa da, qol saatı bu müddət ərzində dayanmayıb və işləyib.

Kəlbəcər uğrunda gedən savaşlarda qəhrəmnacasına həlak olan mayor Vüsal Vəliyevin döyüş zamanı əsgərinə verdiyi qol saatı… Əsgər də şəhid olur və onun nəşi 9 aydan sonra tapılır.

ARANTV.AZ xəbər verir ki, bu barədə şəhid komandir Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu  bu hadisə ilə bağlı çox ürək sızladan bir hadisəni öz Facebook səhifəsində yazıb:

“…Vüsalın əşyalarını təhvil alanda ən çox sevdiyi hərbi saatını görmədim. Sonuncu şəklində qolu uzun hərbi forma geyindiyindən saatın qolunda olub-olmadığı görünmürdü. Dəfələrlə çantaları açdım, təkrar-təkrar baxdım, amma saat tapılmadı. Vüsalın ən sevimli yadigarını tapa bilmədiyim üçün çox kədərləndim. Saatdan tamamilə əlimi üzdüm.

Bir neçə gün öncə telefonuma zəng gəldi:

– Salam. Vüsalın qardaşısınız?

– Bəli, buyurun.

– Sizə bir əmanət çatdırmalıyam. Harada görüşə bilərik?

Görüşdük. O da şəhid qardaşı idi. Bir paket verdi. Ürəyim bərkdən döyünə-döyünə açdım. Vüsalın hərbi saatı…

“Mən Vüsalın son dəfə toxunduğu hərbi saatı sığallayıram, o danışır…”

Elyar deyir ki,  həmin əsgər şəhid olsa da. Onun nəşi 9 ay sonra tapılır:

“…Düz doqquz aydan sonra qardaşının nəşi tapılıbmış. Üstündəki əşyaları verəndə bir dənə də qolundan açılmış hərbi saat veriblər. Qardaşı ilə son döyüşdə yaralanan qazi deyib ki, saat komandirin idi. Döyüş vaxtı yadigar vermişdi. Amma sonradan o da şəhid olub”.

O əlavə edib ki, şəhid qardaşı saatı komandirin ailəsinə çatdırmaq, mənimlə görüşmək üçün ucqar bir rayondan Bakıya gəlmişdi.

“Vüsal qardaşıma komandir yox, qardaş olmuşdu. Mən bu əmanəti sizə çatdırmalıydım”, – şəhid qardaşı deyib.

Saat şəhidin qolunda, qar, yağış, toz, torpaq altında 9 ay qalsa da hələ də işləyir.

“İki igidin şəhidliyinə şahid olan bu saatın dəyəri mənim üçün ölçüyə gəlməz dərəcədə çox böyükdür…”, – Elyar deyir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

 


Ölkə.Az

Daha çox xəbərlər