Sosial 

Kitab sevənlərin NƏZƏRİNƏ: Bakıda sərgi keçirilir – MƏKANLAR

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək.

ARANTV.AZ  xəbər verir ki, sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

“Baku International Book Fair 2021” kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olunacaq. Həmçinin, sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

Sərginin keçiriləcəyi 5 gün ərzində iştirakçıları və ziyarətçiləri əlavə tədbirlərdən ibarət maraqlı proqramlar gözləyir.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – “bp” şirkəti, baş TV tərəfdaşı – Azərbaycan İctimai Televiziyası, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.

6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Sərgi-yarmarka iştirakçılarına sərginin təşkilatçısı tərəfindən təmin ediləcək.

Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər.

“Baku International Book Fair 2021” sərgisində iştirak etmək və daha ətraflı məlumat almaq üçün sərgi təşkilatçıları ilə əlaqə saxlaya bilərsiniz: +994124041000, bookfair@ceo.az.

***

Xatırladaq ki, oktyabrın 1-dən Bakı İdman Sarayında da Milli Kitab Satış Sərgisi başlayıb.

Sərginin fəxri qonağı yazıçı, tərcüməçi və tarixçi, 80-ə yaxın kitabın müəllifi Əlisa Hüseynovdur (Əlisa Nicat).

Qeyd edək ki, tədbir çərçivəsində yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, musiqili proqramlar keçiriləcək.

Yazıçılıq və kitab nəşri, kitab tərtibatı, tərcümə ilə bağlı müzakirə panelləri təşkil olunacaq. Kitabların 30 faiz endirimlə satılacağı satış-sərgi Azərbaycanda ilk dəfə kitabçıların, naşirlərin, yazarların özünün təşkil elədiyi müstəqil bir yarmarkadır. Bukinistlər, fərdi kitab satıcıları, evində artıq kitabı olan insanlar kitablarını, rəssamlar və musiqiçilər isə öz əsərlərini sərgidə sata bilərlər.

Milli Kitab Satış Sərgisinin gələcəkdə digər bölgələrdə keçirilməsi də nəzərdə tutulur.

Oktyabrın 10-na qədər davam edəcək sərgiyə giriş sərbəstdir.

Daha çox xəbərlər