Siyasət 

Prezident Suqovuşan və Talış kəndlərində bayrağımızı ucaltdı

Bu, Ermənistana və himayədarlarına yenilməzliyimizin növbəti təzahürüdür

Oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər və Bərdə rayonlarına səfər edərək yeni müəssisələrin açılışında iştirak edib. Dövlət başçısının xüsusilə İkinci Qarabağ müharibəsində Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan və Talış kəndlərində Azərbaycan bayrağını ucaltması  Ermənistana və onun himayədarlarına gücümüzün, qüdrətimizin növbəti nümayişi idi.

Qeyd edək ki, düz bir əvvəl  2020-ci il oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi eyni gündə işğaldan azad edilmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək, strateji əhəmiyyətə malik olan Suqovuşanı azad etməklə mövqelərimizin daha da möhkəmlənməsinə nail olmuşdu. Beləliklə, müharibənin ilk həftəsində Azərbaycan strateji yollar və yüksəklikləri nəzarətə götürməklə düşmənin xeyli qüvvəsini döyüşlərdən təcrid etmiş oldu. Strateji əhəmiyyətli Suqovuşan və Talışın azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi-psixoloji güc verdi.

Eyni zamanda, müharibənin gedişi də göstərdi ki, Talış və Suqovuşanın azad edilməsi Ermənistan ordusunda ciddi psixoloji sarsıntı yaradıb. Çünki dövlət başçımızın da söylədiyi kimi: «Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edildi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən isə bizim bu istiqamətdən hərəkətə keçəcəyimizi bilirdi.  Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Bununla belə, Azərbaycan Ordusu bu istehkam və müdafiə xəttini yararaq, düşməni darmadağın etdi.»

Ötən bir il ərzində Suqovuşanda bərpa-quruculuq prosesi də sürətlə həyata keçirilib. Məhz Prezident İlham Əliyevin oktyabrın 3-də «Suqovuşan-1» və «Suqovuşan-2» Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etməsi  də tarixi hadisədir. Artıq bir ildir ki, ölkəmiz Suqovuşan su anbarına nəzarəti təmin edib. Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı problemi həllini tapıb. Hər birimiz xatırlayırıq ki, əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilər mütəmadi olaraq ekoloji terror törədirdiblər.

Bu gün işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının idarə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən oktyabrın 3-də Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması Azərbaycanın qısa müddətdə işğaldan azad olunmuş ərazilərində müasir yol infrastrukturunun yaradılması istiqamətində reallaşan işlərin bariz nümunəsidir.

Xüsusi vurğulamaq lazımdır ki, Suqovuşan həm də Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli ərazilərdəndir. Erməni işğalı Azərbaycanın Suqovuşanda yerləşən, enerji təchizatında əhəmiyyətli rol oynayan, ümumi gücü 7,8 MVt olan «Suqovuşan-1» və «Suqovuşan-2» kiçik su elektrik stansiyalarından da istifadə imkanlarını əlindən almışdı. Lakin işğaldan azad edildikdən sonra həmin stansiyaların əsaslı təmirə ehtiyacının olduğu üzə çıxdı. Ərazini işğal etməklə kifayətlənməyən erməni qəsbkarları Suqovuşandakı 4, 8 və 3 MVt gücündə olan kiçik elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşımış, apara bilmədiklərini isə dağıtmışdılar.

Bu ilin yanvar ayından stansiyada sazlanma işlərinə başlanılıb və iyunun əvvəlindən «Suqovuşan – 1» və «Suqovuşan – 2» stansiyaları istismara verilib. Lakin Suqovuşanın Azərbaycan iqtisadiyyatına verə biləcəyi töhfə təkcə bundan ibarət deyil. Əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarət olan kəndin ərazisindən Tərtər çayının axması buranı turizm baxımından olduqca cəlbedici edir. Suqovuşanın turizm məkanlarından birinə çevrilməsi Azərbaycanın gələcək hədəflərindəndir.

Oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər səfəri zamanı İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin «Smerç» raketləri ilə Tərtərdə dağıtdığı, lakin sonradan tikilən evlərdən birinə baş çəkərək orada yaradılan şəraitlə tanış olub. İkinci Qarabağ müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Dağıdılan bu evlər və binalar artıq bir ilə yaxın dövrdə Azərbaycvan Prezidentinin diqqət və qayğısı ilə ya yenidən tkilib, yada ki, bərpa edilib.

Daha çox xəbərlər