Gündəm 

İşğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması kimliyimiz, qürurumuzdur

İki  il öncə “Valday” Beynəlxalq Diskussiya Klubunun  XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən  Prezident İlham Əliyev  bir ilin tamamında xalqımıza  Zəfər sevincini  yaşatdı, Ermənistana və ona havadarlıq edən dövlətlərə  reallığı sübut etdi

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim Qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu bəyanatı 2020-ci il 10 noyabr tarixində xalqa müraciətində səsləndirmişdir.

Böyük qürur hissi ilə səsləndirilən bu bəyanatlar, bir sözlə, Zəfərimiz  30 illik işğal dövrünün hər anını, o illərin ən mühüm hadisələrini təhlil etməyi bir zərurətə çevirir. Bu gün  44 günlük  Vətən müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının  səsləndirildiyi  ən mühüm tədbirdən,  iki il bundan öncə- 2019-cu ilin bu günlərində  Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasından bəhs edəcəyik. Həmin iclasda Azərbaycanın   dövlət başçısı İlham Əliyevin işğalçı Ermənistana və dünyaya ünvanladığı mesajların bugünümüzün reallıqlarında nə kimi rol oynadığı göz önündədir. “Valday” Beynəlxalq Diskussiya Klubunun  XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən  Prezident İlham Əliyev  bir ilin tamamında xalqımıza  Zəfər sevincini  yaşatdı.

Cənab İlham Əliyev həmin çıxışında bir daha diqqəti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə yönəldərək “BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır” bəyan edərək  dünyanın ikili standartlara əsaslanan siyasətinin hansı problemlərə yol açdığını bildirmişdir. Məhz bu diqqət və qayğının nəticəsi idi ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatlarla çıxış edir, öz yalanlarını həqiqət kimi sübut etməyə çalışaraq dünyanın sözün əsl mənasında hüquq problemini yaşadığını açıq-aşkar nümayiş etdirdi. Belə sərsəm fikirlərindən biri də “Qarabağ Ermənistandır və nöqtə” söyləməsi və bununla da münaqişənin sülh danışıqları əsasında həllində maraqlı olmadığını, ümumiyyətlə, torpaqlarımızı geri qaytarmaq istəmədiklərini aydın şəkildə diqqətə çatdırması oldu.

Şübhəsiz, Azərbaycan tərəfi belə sərsəm bəyanatları cavabsız qoymayacaqdı. Dövlət başçısı İlham Əliyevin Valday Diskussiya Klubunda “Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə Ermənistana və ona havadarlıq edən dövlətlərə  növbəti tarix və hüquq dərsini vermişdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın ilk gündən əsassız iddiaları, sərsəm bəyanatları işğalçı dövlət üçün yaxşı heç nəyin vəd olunmadığını nümayiş etdirirdi. Belə ki, Nikol Paşinyan ilk gündən münaqişənin həlli istiqamətində aparılan danışıqların formatında heç bir əsasa söykənməyən dəyişiklik etmək istəsə də, Azərbaycan dövlətinin sərt reaksiyası, eyni zamanda, beynəlxalq səviyyədə yeni formata təpki onun bütün çirkin niyyətlərini boşa çıxardı. Danışıqlar prosesində qondarma rejimin də tərəf kimi iştirakının vacibliyini iddia edən N.Paşinyan bu cəhdi ilə Dağlıq Qarabağı müstəqil dövlət kimi beynəlxalq ictimaiyyətə təqdim etmək istəyini nümayiş etdirsə də, belə bir danışıq formatının mümkünsüzlüyü rəsmi Bakı tərəfindən ən yüksək tribunalardan bəyan edildi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycan dərhal belə cəhdləri rədd etdi.

Heç zaman həqiqətlə barışmayan, saxta tarix yazıb daim  fakt qarşısında acizliklərini ört-basdır etmək üçün sərsəm bəyanatları ilə gündəmdə olan Ermənistan hakimiyyəti tərəfindən belə yanaşmalar başadüşülən idi. Sonrakı mərhələlərdə Paşinyan Qarabağın Ermənistan olması barədə sərsəm bəyanatı ilə gündəmdə oldu.

Ermənistanın işğalçılıq siyasətinin dünya birliyi tərəfindən pislənildiyi qəbul olunan qətnamələrdə özünü qabarıq şəkildə büruzə verirdi.  Düşünmək olardı ki, Nikol Paşinyan Soçidə yaşadıqlarından bir nəticə çıxarar. Amma bu, real görünə bilməzdi. Çünki sərsəm bəyanatların müəllifi kimi tanınan N.Paşinyan ölkəsini hər bir baxımdan uçuruma yuvarlatdığının fərqində idi. Hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin  istər davam etdiyi, istərsə də indiki dövründə  daha çox hansı tərəfin uğursuzluğa sürükləndiyi  göz önundədir. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövründə  Ermənistanı uğursuz ölkə kimi dəyərləndirərkən bunu belə cavablandırır ki, səbəb işğalçılıq siyasətidır.

Reallıq budur ki, Azərbaycan müharibə şəraitində yaşasa da düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində hər sahədə davamlı uğurlara imza atdı. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alıb. Ölkəmiz demokratik inkişafı ilə dünyanın diqqətindədir. Beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir.  Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Beynəlxalq təşkilatlarda ölkəmizin mövqeləri daha da möhkəmlənir.  2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına  sədrlik etməsi nüfuzunu daha da artırır. Məlum olduğu kimi, Azərbaycanın  sədrlik müddəti iki ildən üç ilə artırıldı.  Hər bir diplomatik uğur Azərbaycanın ədalətli mövqeyinin təqdimatıdır. Məhz bu uğurlar Azərbaycanın döyüş meydanında da Qələbəsini təmin etdi.  Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tariximizin Zəfər səhifəsini yazdı.

Onu da qeyd edək ki, «Valday» Diskussiya Klubunda səsləndirdiyi bəyanatların davamı olaraq  Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistanın təcavüzkar siyasətini tutarlı faktlarla sübut etmişdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də həmin ilin  iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirdi.

44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu.  Bu gün böyük qürur hissi ilə işğldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edirik. Ermənistan və 30 ildə onun işğalçılıq siyasətinə dəstək olan dövlətlər Dağlıq Qarabağın əsl sahibinin kim olduğunun bir daha şahidi oldular.

Daha çox xəbərlər