Gündəm 

Uşaq qatili Ermənistan faşizmin “yeni” tarixini yazdı

44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirildi, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirdi, bir ailə isə tamamilə məhv edildi

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən amansızlıqların, təcavüzlərin, soyqırımı və hərbi cinayətlərin, eləcə də ərazi iddialarının tarixi yüz illərə söykənir. Ermənistan tərəfindən törədilən bu və ya digər beynəlxalq hüquq normalarına zidd cinayət əməlləri təəssüf ki, uşaqları da əhatə edib. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın yürütdüyü dövlət terrorizm siyasətinin tərkib hissəsi olub. Son 30 ilə yaxın müddət ərzində davam edən hərbi təcavüz nəticəsində 23.000-dən çox azərbaycanlı həyatını itirib, 50.000 nəfər yaralanıb və ya əlil olub, 4.000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir. I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülüb, 270 uşaq sağlamlığını itirib, 92 uşaq girov götürülüb. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirib. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olub.

Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatının başlanılması ilə bağlı qərar verildi. 44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirildi, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirdi, bir ailə isə tamamilə məhv edildi. Bununla yanaşı, əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan dövlətinin Azərbaycanın münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutması nəticəsində 33 qadın həlak oldu, 74-ü müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürü oldu.

Xüsusilə qeyd etməliyik ki, 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 02 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində ağır artilleriya qurğuları və raketlərdən atəşə tutuldu. Lakin düşmən tərəf bununla kifayətlənməyib və 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutdu və hər iki halda xeyli sayda insan tələfatına səbəb oldu. Bu azmış kimi, 28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozuldu və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qaldı. Əhali arasında yüzlərlə insan yaralandı, xeyli sayda insan amansızcasına qətlə yetirildi. Bununla yanaşı, düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməyərək davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr etdi. Mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanması ilə nəticələndi.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz: “Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi.

Daha çox xəbərlər