Əsas səhifə 

Status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır

Dövlət başçısı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində dünyaya  bugünün reallıqları ilə bağlı  mesajlarını çatdırdı

Dövlət başçısı İlham Əliyevin  Zəfərimizdən sonra xarici mətbuata hər bir müsahibəsini 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi vaxtlarda müsahibələri ilə  müqayisəli təhlil etdikdə açıq-aydın görünür ki, burada  30 illik işğal dövrünün reallıqları öz əksini tapmaqla yanaşı, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsindən deyil, dövrün, zamanın tələblərinə uyğun olaraq  gündəmə gətirilən məsələlərdən, ən əsası sülh müqaviləsinin imzalanması ilə regionda sabitliyin, təhlükəsizliyin yaradılması zərurətindən bəhs olunur. Cənab İlham Əliyevin ötən ilin noyabrında İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində əksini tapan suallar  yeni müsahibəsində postmünaqişə dövrünün reallıqlarına uyğun məsələlərlə əvəzlənib. Dövlət başçısı  bir daha münaqişənin bitmədiyini, Ermənistan üçün Dağlıq Qarabağın status məsələsinin qüvvədə olması ilə bağlı suala cavab olaraq  bildirdi ki, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır.

Oktyabrın 2-də Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi bir çox məqamlarla diqqəti özünə çəkir.  BMT Baş Assambleyasının sessiyası çərçivəsində  Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün  müharibə bitəndən sonra  birinci dəfə baş verməsindən, Azərbaycanın sülh sazişi üzərində  Ermənistanla işləməyə başlamağa  hazır olmasından və qarşı tərəfdən uzun müddətdir ki, buna cavab gözləməsindən bəhs edən cənab İlham Əliyev bildirmişdir ki,  mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır: «Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib.»

Hazırkı dövrün reallığı budur ki, Azərbaycan diktə edən tərəfdir. Regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsinə səy göstərməklə yanaşı, işğalçı dövlətdən də 10 noyabr üçtərəfli Bəyanatının müddəalarının icrasını tələb edir.  44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib Prezidentdən  öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir.

Hazırda iki mühüm məqam dünyanın diqqətində olmalıdır. Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Cənab İlham Əliyev müsahibədə jurnalistin yeni güc nisbətinin yaradılması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki,  Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Müharibə zamanı Türkiyə  başlanğıcdan Azərbaycana  dəstək verdi. İndi isə müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini həyata keçirirlər. Artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlət başçısı vurğulamışdır  ki, həm biz özümüzün, həm də  Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi.

Diqqəti bu günlərdə Türkiyə və Rusiya prezidentlərinin görüşünə yönəldən dövlət başçısı vurğulayır ki,  hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk: «Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.»

Müsahibədə diqqət çəkən məqamlardan biri mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıdacağı ilə bağlı ünvanlanan suala cavab oldu. «Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik» söyləyən dövlət başçısı yenə də  bu işdə  əsas rəqibimizin zaman olduğunu vurğulayıb.

Ölkə Prezidenti ərazilərin minalardan təmizlənməsi prosesinə diqqəti yönəldərək bərpa və quruculuq işlərində bu məsələnin önəmini xüsusi diqqətə çatdırıb.  Bu fakt da bir daha açıqlanıb ki, Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqlik dərəcəsi 25 faizdir. Təbii ki, işğalçı dövlətdə bu ərazilərin mina xəritələri vardır. Onları verməməklə həm mülki əhalinin. hərbçilərin həlak olmalarına, yaralanmalarına, həm də bərpa və quruculuq işlərinin   uzanmasına səbəb olurlar. Minalardan təmizlənmiş ərazilərdə işlər davamlılığı ilə diqqət çəkir. Məlumdur ki, ilin sonuna, yaxud gələn ilin əvvəlinə «ağıllı kənd» layihəsi çərçivəsində Zəngilanın  Ağalı kəndi  sakinlərini qarşılayacaq.    Bütün şəhərlər üçün baş planlar hazırlanır. Artıq Ağdam və Şuşanın baş planı təqdim edilib. Əsas məqsədlərdən biri  keçmişlə müasirliyin vəhdətini yaratmaqdır. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə işğaldan azad edilmiş ərazilərdə  bütün işlərin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində həyata keçirilməsi,  infrastrukturun  yenilənməsi təqdirəlayiqdir. Dövlət başçısı  İlham Əliyevin oktyabarın 3-də Bərdə və Tərtər rayonlarına səfəri çərçivəsində Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaltmaqla yanaşı, bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərini iştirakı da görülən işlərin aydın mənzərəsini yaradır. yeni yolların təməlinin qoyulması  bölgələrin inkişafında yol infrstrukturuna göstərilən diqqətin bariz nümunəsidir.  Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb.

Postmünaqişə dövrünün əsas tələbi  yeni əməkdaşlıq  formatının yaradılması, sülhün möhkəmləndirilməsidir. Altılıq plantformatının yaradılması qarşıya qoyulan hədəfə  yüksək səviyyədə nail olmağa əsas yaradır.  Cənubi Qafqazın üç dövləti  və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq hazırda əsas müzakirə mövzusudur.  «Əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq» söyləyən cənab İlham Əliyev bildirir ki, bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.

Göründüyü kimi,  Azərbaycan artıq münasibətlərdə yeni səhifə açıb və bu səhifəni yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etməyə səy göstərir.  Bunun üçün əsas olan Azərbaycan tərəfinin irəli sürdüyü sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsidir.

Daha çox xəbərlər