Böyük Qayıdışımız Cəbrayıldan başlayıb
Prezident İlham Əliyev: Təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı şanlı Qələbəmizin sevincini yaşayırıq. Qırx dörd günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə və erməni faşizminə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin, cəmiyyətimizin monolitliyinin parlaq təzahürüdür. Qələbə münasibətilə 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri Zəfər paradı keçirildi. İki qardaş ölkənin liderləri paradda çıxış edərək qazanılan qələbənin tarixi əhəmiyyət daşıdığını bildirdilər. Möhtəşəm parad düşmən üzərində tarixi Zəfər qazanan Azərbaycanın hərbi gücünü bir daha bütün dünyaya göstərdi.
Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Növbəti belə səfər oktyabrın 4-də baş tutub, ölkə başçısı Cəbrayıl rayonunda olub. Düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi. Ölkə başçısının dediyi kimi, işğaldan azad edilmiş Cəbrayıl rayonu özünün tarixi günlərini yaşayır. Dövlətimizin başçısı oktyabrın 4-də Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. Fərmanda bildirilir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımalarının həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir. Bundan başqa, Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı mühüm işlər görülüb. Oktyabrın 4-də Cəbrayıl yarımstansiyası istifadəyə verilib. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Həmin gün Cəbrayılda Zəfər və İşğal muzeylərinin təməli qoyuldu.
Göründüyü kimi, dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha vurğulayıb ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır: “Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, ordumuzun arxasında durdu və ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.

